İngiltərənin "Nottingem Forest" klubu Avropa Liqasının dörddəbir final mərhələsinin cavab oyununda Portuqaliyanın "Porto" komandasını 1:0 hesabı ilə məğlub edib.
Sfera.az xəbər verir ki, görüşdə yeganə qolu 12-ci dəqiqədə Morqan Gibbs-Uayt vurub.
"Porto"nun müdafiəçisi Yan Bednarek isə 8-ci dəqiqədə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb. İlk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı. Nəticədə "Nottingem Forest" yarımfinala vəsiqə qazanıb.
Yarımfinalda "Nottingem Forest" İngiltərənin "Aston Villa" komandası ilə üz-üzə gələcək. "Aston Villa" dörddəbir finalda İtaliyanın "Bolonya" klubunu 3:1 və 4:0 hesabları ilə məğlub edib.
Digər yarımfinal cütündə Almaniyanın "Frayburq" və Portuqaliyanın "Braqa" komandaları qarşılaşacaq. "Frayburq" İspaniyanın "Selta Viqo" klubunu (3:0, 3:1), "Braqa" isə "Betis"i (1:1, 4:2) məğlub edərək yarımfinala yüksəlib.
Konfrans Liqasında isə Yunanıstanın AEK komandası İspaniyanın "Rayo Valyekano" klubuna qarşı cavab görüşündə 3:0 hesablı üstünlüyünü qoruya bilməyib. İlk oyunda da 3:0 hesabı ilə qalib gələn "Rayo Valyekano" yarımfinala yüksələrək Fransanın "Strasburq" komandası ilə qarşılaşacaq. "Strasburq" Almaniyanın "Maynz" klubunu iki oyunun nəticəsinə görə 2:0 və 4:0 hesabları ilə məğlub edib.
Digər yarımfinalda Ukraynanın "Şaxtyor Donetsk" və İngiltərənin "Kristal Palas" komandaları üz-üzə gələcək. "Şaxtyor Donetsk" Niderlandın AZ Alkmaar klubunu (3:0, 2:2), "Kristal Palas" isə İtaliyanın "Fiorentina" komandasını (3:0, 1:2) məğlub edib.
İlk yarımfinal oyunları aprelin 30-da, cavab qarşılaşmaları isə mayın 7-də keçiriləcək. Avropa Liqasının finalı mayın 20-də İstanbulda, Konfrans Liqasının finalı isə mayın 27-də Leypsiqdə baş tutacaq.
Niyaz Hacıyev
Sfera.az