Türkiyənin Kahramanmaraş şəhərində baş verən və 10 nəfərin həyatına son qoyan silahlı hücum cəmiyyətdə ciddi rezonans doğurub. Hadisədən sonra zorakılıq xarakterli seriallar və video oyunların təsiri yenidən müzakirə mövzusuna çevrilib.


 


Sfera.az türk mediasına istinadən xəbər verir ki, ardıcıl iki gün ərzində məktəbləri hədəf alan hücumlar ictimai qəzəbi daha da artırıb. Çərşənbə axşamı Şanlıurfada, çərşənbə günü isə Kahramanmaraşda baş verən silahlı hücumlar nəticəsində ümumilikdə 32 nəfər yaralanıb. Faciədən sonra hücumların arxa planı geniş şəkildə araşdırılmağa başlanıb.


 


Xüsusilə zorakılıq səhnələri ilə zəngin olan televiziya serialları və video oyunların bu cür hadisələrə təsiri ictimai müzakirələrin mərkəzinə keçib. Müzakirələrin nəticəsi olaraq bir sıra seriallarla bağlı qərarlar qəbul edilib.


 


Məlumata görə, cinayət və zorakılıq mövzusunu əks etdirən “Yeraltı”, “Eşref Tek”, “A.B.İ.” ve “Taşacak Bu Deniz” kimi layihələrin yeni bölümləri müvəqqəti olaraq yayım cədvəlindən çıxarılıb.


 


Prodüserlər isə ssenarilərdə dəyişiklik edərək zorakı səhnələrin azaldılması istiqamətində addımlar atmağa hazırlaşırlar. Bununla yanaşı, reklam şirkətləri də mövqelərini sərtləşdiriblər. Bir sıra brendlər zorakılıq ehtiva edən məzmunlara dəstək verməmək qərarına gəlib.


 


Fidan Hacızadə


Sfera.az