Ermənistan parlamentinin spikeri Alen Simonyan Türkiyəni regionda ortaq “sülh kətanı”nın formalaşdırılmasına çağırıb və İrəvanla Ankara arasında münasibətləri gücləndirməyə hazır olduqlarını bəyan edib.




Bəs görəsən, bu çağırış regionda yeni siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilərmi? “Sülh kətanı” ifadəsi konkret olaraq hansı addımları və təşəbbüsləri əhatə edir?




Siyasi şərhçi Elmir Səftərov Sfera.az-a açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsindən sonra Türkiyə Ermənistanla münasibətlərini faktiki olaraq dondurdu və sərhədlər bağlandı.


 


Onun sözlərinə görə, uzun illər ərzində Ankara–İrəvan münasibətlərində siyasi dialoq, nə də iqtisadi əlaqələr real inkişaf mərhələsinə keçə bilməyib:




“Lakin müharibədən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda vəziyyət dəyişməyə başlayıb. Türkiyənin Azərbaycanla koordinasiyalı siyasəti və beynəlxalq platformalarda, o cümlədən Vaşinqtonda aparılan danışıqlar nəticəsində 2025-ci ildə əldə olunan razılaşmalar sülh prosesində müəyyən irəliləyişlərə zəmin yaradıb. Bu isə Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin əldə olunması ehtimalını daha da artırır. Əgər bu proses uğurla nəticələnərsə, növbəti mərhələdə regionda uzun illər bağlı qalan kommunikasiyaların, o cümlədən Türkiyə–Ermənistan sərhədinin açılması gündəmə gələ bilər. Artıq bu istiqamətdə müəyyən hazırlıq işlərinin aparıldığı müşahidə olunur. Bununla belə, prosesin tam reallaşması böyük ölçüdə Ermənistanda keçiriləcək parlament seçkilərindən sonra formalaşacaq siyasi iradədən asılı olacaq”.


 



Siyasi şərhçi qeyd edib ki, Türkiyə ilə münasibətlərin normallaşdırılması Ermənistan üçün strateji əhəmiyyət daşıyır:




“Bu, ölkənin iqtisadi inkişafı, ticarət dövriyyəsinin artması, regional layihələrə qoşulması və Qərbə inteqrasiya imkanlarının genişlənməsi baxımından mühüm rol oynaya bilər. Eyni zamanda, Ankara ilə bağlı qalan sərhədin açılması və siyasi dialoqun bərpası üçün Ermənistanın daha aydın və ardıcıl mövqe nümayiş etdirməsi vacibdir. Real və konstruktiv addımlar atılacağı təqdirdə, regionda yeni iqtisadi, nəqliyyat və logistika imkanları yarana bilər. Bu kontekstdə səsləndirilən “sülh kətanı” kimi ifadələr diplomatik normallaşma, sərhədlərin açılması, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, iqtisadi əməkdaşlığın genişləndirilməsi və regional təhlükəsizlik dialoqunun gücləndirilməsi kimi istiqamətləri əhatə edir. Bu, region ölkələrinin birgə əməkdaşlıq platforması formalaşdırması deməkdir. Hazırda bu çağırışlar daha çox siyasi niyyət xarakteri daşıyır. Lakin,  bu istiqamətdə real zəminin formalaşdığını da görməmək mümkün deyil. Bununla belə, yekun nəticə birbaşa olaraq Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması və sülh sazişinin imzalanmasından asılıdır. Ona görə də bu cür bəyanatlar həm region daxilində, həm də beynəlxalq müstəvidə bir siqnal kimi qiymətləndirilə bilər. Bu siqnal onu göstərir ki, Cənubi Qafqazda münasibətlər tədricən yenidən tənzimlənir və region yeni siyasi mərhələyə qədəm qoyur”.


 


Niyaz Hacıyev

Sfera.az