ABŞ və İran bu həftəsonu razılığa gələ bilərlər. Məlumata əsasən, bu barədə Donald Tramp jurnalistlərə açıqlamasında deyib.
Jurnalistlər ondan İranla müqavilənin nə vaxt imzalana biləcəyini soruşublar. O, cavabında deyib: "Ola bilər ki, bu həftəsonu".
Qeyd edək ki, ABŞ və İran arasında 11 apreldə İslamabadda keçirilən danışıqlarda razılaşma əldə olunmayıb.
Maraqlıdır, hazırki hadisələr fonunda razılaşma müddəaları nələr ola bilər?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Əli Mustafanın sözlərinə əsasən, hələlik hansı məsələlərin razılaşdırılıb-razılaşdırılmadığı barədə konkret nəticələr yoxdur, amma nüvə proqramı ilə bağlı fikirləri qətidir, yəni heç vaxt İranın nüvə silahı sahibi olmasını istəmirlər:
“Görünür, Amerika birmənalı olaraq İranın nüvə silahına malik olmasını istəmir və bu məsələdə zamanla bağlı hər hansı bir məhdudiyyət qoyulmur. Bir-iki gün öncə Asim Munirin İrana səfəri oldu. O, həm xarici işlər naziri, həm də parlament sədri Məhəmməd Baqer Qalibaf ilə görüşdü. Ehtimal var ki, o, ABŞ-nin konkret təkliflərini İrana təqdim edib. Açığı, belə bir rəy də var ki, Tramp rəsmən özünün güclü olduğunu və İran tərəfinin güzəştə getməli olduğunu bildirsə də, eyni zamanda bu danışıqların davam etməsində hamıdan çox maraqlıdır. Ona görə də bu prosesi daha çox Pakistan vasitəsilə aparmağa çalışır”.
Politoloqun fikrincə, Tramp neft məsələsi ilə bağlı cavab verməkdən qaçsa da, əsas məsələlərdə İranla razılaşa bilərlər:
“Razılaşma şansları var, lakin eyni zamanda hər iki tərəf ciddi şəkildə müharibəyə hazırlaşır və silahlı qüvvələrini hazır vəziyyətə gətirirlər. Amerikanın bölgəyə təxminən 50 minlik qoşun yığması da faktlar arasındadır. Düşünürəm ki, neft məsələsi ilə bağlı Tramp cavab verməkdən qaçsa da, əsas məsələlərdə İranla razılaşa bilərlər. Nüvə proqramı, Hürmüz boğazı və digər məsələlərlə bağlı tərəflərin razılığa gəlmək imkanları mövcuddur. Hörmüz boğazı ilə bağlı da Trampın öz yanaşması var. O, tətbiq edilən blokadanın çox uğurlu olduğunu, hətta bu blokadanın müharibədən daha effektiv nəticə verdiyini qeyd edir. Yəni bu blokada tətbiq olunandan sonra İran məcbur qalıb sövdələşməyə razılıq vermək istəyir. Anlaşılan odur ki, müəyyən işlər gedir. Bildiyim qədər, hazırda Pakistanda həm Amerika, həm də İranın ekspertləri, yəni texniki heyət qalıb və onlar görüşür, müzakirələr aparırlar”.
Bəsti Rəfizadə
Sfera.az