Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının (MMM) sədri Alen Simonyan arasında Türkiyənin İstanbul şəhərində Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində keçirilən görüş başa çatıb.




Sfera.az “Armeniapress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Parlamentinin mətbuat xidməti məlumat yayıb.


 


İstanbulda keçirilən ikitərəfli görüşdə Ermənistan və Azərbaycan parlament sədrləri münasibətlərin normallaşma prosesindəki son inkişafları yüksək qiymətləndiriblər.


 


Məlumatda deyilir ki, görüş zamanı iki ölkə arasında münasibətlərin normallaşdırılması çərçivəsində son proseslər, o cümlədən sülhün və sabitliyin möhkəmləndirilməsinə, eləcə də ticarət əlaqələrinin qurulmasına və genişləndirilməsinə yönəlmiş addımlar məmnuniyyətlə qeyd edilib.


 


“Parlamentlərarası İttifaqın parlamentlərarası əməkdaşlıq üçün əsas platforma kimi əhəmiyyəti vurğulandı. Bu kontekstdə tərəflər Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri arasında dialoqun asanlaşdırılmasındakı şəxsi səylərinə görə Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonqa yüksək qiymət verdilər və minnətdarlıqlarını bildirdilər. Parlamentlərin sədrləri 2025-ci ilin oktyabr ayında Cenevrədə keçirilən görüşdən sonra beynəlxalq təşkilatlar çərçivəsində parlament nümayəndə heyətləri arasında başlayan əlaqələri müsbət qiymətləndirdilər və bu əlaqələri davam etdirmək barədə razılığa gəldilər. Ermənistan və Azərbaycan parlamentlərinin sədrləri iki cəmiyyət arasında etimadı daha da gücləndirmək üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin vacibliyini vurğuladılar”, - deyə məlumatda əlavə edilib.

 




Firuzə Əliyeva

Sfera.az