ABŞ maliyyə naziri Skott Bessent Fransanı Avropa Birliyi üzrə İrana qarşı kollektiv iqtisadi təzyiqlərin artırılması istiqamətində daha fəal mövqe tutmağa çağırıb. Bu barədə ABŞ Maliyyə Nazirliyi Bessentin Fransanın iqtisadiyyat və maliyyə naziri Roland Leskur ilə görüşündən sonra məlumat yayıb.
Maraqlıdır, ABŞ-nin bu çağırışı Avropa Birliyinin İran siyasətinə necə təsir göstərə bilər? Fransanın bu prosesdə aparıcı rol oynaması nə ilə bağlıdır?
Politoloq Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Fransaya yönəlmiş bu çağırışı Avropa Birliyinin İran siyasətinə müəyyən dərəcədə təsir göstərə bilər.
Onun sözlərinə görə, lakin bu təsirin tam və vahid olacağı sual altındadır:
“Çünki Avropa Birliyi daxilində İran məsələsinə yanaşmalar fərqlidir. Bəzi ölkələr Vaşinqtonun sərt sanksiya xəttini dəstəkləsə də, digərləri daha çox diplomatik və balanslı siyasətə üstünlük verir. Bununla belə, ABŞ-nin maliyyə və sanksiya mexanizmlərindəki qlobal təsir gücü Avropa şirkətlərini və banklarını ehtiyatlı davranmağa vadar edir və nəticədə İranla iqtisadi əlaqələrin məhdudlaşmasına səbəb ola bilər”.
Politoloq vurğulayıb ki, Fransanın bu prosesdə aparıcı rol oynaması isə onun həm Avropa Birliyində siyasi çəkisi, həm də beynəlxalq diplomatiyada aktiv mövqeyi ilə bağlıdır:
“Paris ənənəvi olaraq Yaxın Şərq məsələlərində vasitəçi və təşəbbüskar aktor kimi çıxış edir və ABŞ ilə Avropa arasında körpü rolunu oynaya bilir. Eyni zamanda, Fransanın nüvə sazişi (JCPOA) çərçivəsində İranla danışıqlarda iştirak etməsi və regiondakı maraqları onu bu məsələdə ön plana çıxaran əsas amillərdəndir”.
Niyaz Hacıyev
Sfera.az