Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ-nin Hörmüz boğazında dəniz blokadası tətbiq etmək cəhdinin qanunsuz olduğunu bildirib.
O əlavə edib ki, bu cür hərəkətlər açıq şəkildə cinayət və təcavüz kateqoriyasına aiddir.
Bu açıqlama qlobal enerji təhlükəsizliyinə və beynəlxalq münasibətlərə necə təsir göstərə bilər?
Sfera.az-a bununla bağlı açıqlama verən politoloq Oqtay Qasımovun sözlərinə əsasən, Mariya Zaxarovanın açıqlaması hesab edirəm ki, qlobal siyasətdə və münasibətlərdə hansısa bir dəyişikliyə səbəb olacaq, eləcə də enerji təhlükəsizliyində önəmli rol oynayacaq səviyyədə deyil:
“Bu, sadəcə olaraq böyük güclərin bu və ya digər formada öz maraqlarından çıxış edərək konkret hadisələrə verdiyi qiymət kimi dəyərləndirilməlidir. Nəzərə alsaq ki, Rusiyanın özü də ABŞ-dən daha çox beynəlxalq hüququn pozulması ilə məşğul olur, Ukrayna ərazilərini işğal altında saxlayır və bu ölkəyə qarşı işğalçı müharibə aparır, faktiki olaraq Ukrayna dövlətinin varlığını qəbul etmir və onun məhv edilməsi üçün artıq beşinci ildir ki, savaş aparır”.
Ekspert bu baxımdan, bu cür açıqlamaların böyük güclərin bir-birinə qarşı təbliğat savaşı və öz maraqlarının təmin olunması üçün müxtəlif formalarda manipulyasiya kimi dəyərləndirildiyimi qeyd edib:
“Əlbəttə ki, ABŞ-nin İrana qarşı blokada tətbiq etməsi beynəlxalq hüquq baxımından kifayət qədər mübahisəlidir. Amma eyni zamanda İranın da Hörmüz boğazını bağlaması bir o qədər qanunsuz hesab edilə bilər. Çünki beynəlxalq dəniz konvensiyasına və BMT qərarlarına görə Hörmüz boğazı və onun suları beynəlxalq gəmiçilik üçün sərbəst hərəkətə açıqdır. Onun birtərəfli qaydada bağlanması, eləcə də rüsum və tariflərin tətbiqi beynəlxalq hüququn və dəniz konvensiyalarının pozulması kimi qiymətləndirilməlidir. Bu baxımdan, hazırda bu tip açıqlamalar həm böyük güclər arasında rəqabət və güc savaşı, həm də qarşılıqlı psixoloji və informasiya müharibəsinin tərkib hissəsi kimi dəyərləndirilə bilər”.
Fidan Hacızadə
Sfera.az