ABŞ Prezidenti Donald Tramp bildirib ki, ABŞ və İran bu həftəsonu razılığa gələ bilər. Trampın bu açıqlaması təəccüb doğurub. Çünki tərəflər uzun müddət bir çox məsələlərdə ortaq məxrəcə gələ bilmirdi.


 


Maraqlıdır, son bir həftə ərzində nə dəyişdi ki, tərəflər razılaşmaya bu qədər yaxınlaşıb?




Mövzu ilə bağlı siyasi şərhçi Pərviz Mirizadə Sfera.az-a açıqlama verib.


 


Onun sözlərinə görə, İranla bağlı proseslər başlayandan bəri Birləşmiş Ştatlar Prezidenti Donald Tramp tərəfindən dəfələrlə müxtəlif tip bəyanatların səsləndirildiyinin şahidi olmuşuq:




“Lakin əksər hallarda prezidentin fikirlərinin biri digərini təkzib edib və İran tərəfi də çox zaman Trampın dediklərini inkar edib. Situasiya fonunda hazırda məhz Pakistanın vasitəçiliyi ilə müəyyən danışıqlar davam etdirilir və danışıqların ilk raundu heç bir müsbət xəbərlə yadda qalmadı”.


 




Siyasi şərhçi qeyd edib ki, indi diqqətlər məhz növbəti diplomatik təmaslara fokuslanmış vəziyyətdədir:




“Ümumiyyətlə, Vaşinqton və Tehranın irəli sürdüyü şərtləri göz önünə gətirdikdə tərəflərdən birinin güzəştə getmədiyi halda razılaşma əldə olunması ehtimalı olduqca aşağıdır. Çünki həmin şərtlər bir digəri üçün tam mənada qəbuledilməz müddəaları özündə əks etdirir. Bu kontekstdə hesab edirəm ki, Donald Trampın qeyd etdiyi razılaşma xəbəri bir növ qlobal enerji bazarını sakitləşdirmək və qiymətlərə təsir göstərmək cəhdinin bir parçasıdır. Reallıq ondan ibarətdir ki, ABŞ Yaxın Şərqə yenidən əlavə hərbi qüvvələr cəmləşdirir və İranı dəniz vasitəsilə blokadaya almağa çalışır. Bu tip ritorika fonunda mən düşünmürəm ki, yaxın günlərdə tərəflər arasında hər hansı bir ciddi razılaşma əldə olunsun”.


 


Niyaz Hacıyev

Sfera.az