Türkiyə ABŞ və İran arasında uzunmüddətli razılaşmanın ən qısa müddətdə əldə olunmasını gözləyir.


 


Sfera.az xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Alparslan Bayraktar açıqlama verib. Nazir bildirib ki, tərəflər arasında gərginliyin uzanması qlobal iqtisadiyyat üçün ciddi risklər yaradır:


 


“ABŞ və İran tezliklə sülh razılaşmasına nail olmasalar, qlobal tənəzzül riski artır. Ümid edirik ki, yaxın zamanda razılıq əldə olunacaq”.


 


Bayraktar qeyd edib ki, mövcud vəziyyətə baxmayaraq Türkiyə enerji təhlükəsizliyi baxımından ciddi çətinliklərlə üzləşmir. Onun sözlərinə görə, ölkənin ümumi neft idxalının təxminən 10 faizi Hörmüz boğazı vasitəsilə həyata keçirilir və hazırda vəziyyət nəzarət altındadır.


 


Xatırladaq ki, aprelin 11-də İran və ABŞ nümayəndələri İslamabad şəhərində bir neçə raund danışıqlar aparıblar. İran nümayəndə heyətinə Məhəmməd Bağır Qalibaf, ABŞ nümayəndə heyətinə isə J. D. Vens rəhbərlik edib. Tərəflər danışıqlardan sonra bəyan ediblər ki, mövcud fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılıq əldə olunmayıb. Hazırda Tehran və Vaşinqton arasında dialoqun gələcək inkişaf perspektivləri qeyri-müəyyən olaraq qalır.


 


Fidan Hacızadə


Sfera.az