Ermənistan Azərbaycan ərazisi vasitəsilə idxal edilən Rusiya və Qazaxıstan mallarının həcmi barədə məlumatları açıqlayıb.
Sfera.az “Armenpress”ə istinadən xəbər verir ki, rəqəmlər ötən ilin noyabr ayında marşrutun açılışından 15 aprel 2026-cı ilə qədər olan dövrü əhatə edir.
Ermənistanla Azərbaycan arasında birbaşa dəmir yolu əlaqəsi hələ bərpa olunmadığı üçün yük Gürcüstan ərazisindən keçir.
Ermənistan tərəfinin məlumatına görə, Azərbaycan vasitəsilə Rusiya və Qazaxıstandan Ermənistana 26 295 ton mal daşınıb, Azərbaycandan isə 9 337 ton yanacaq idxal edilib. Bəyanatda vurğulanır ki, regional əməkdaşlığın və sülhün bərqərar olmasının nəticələri artıq hiss olunur və iqtisadi inkişaf üçün yeni imkanlar yaradır.
Məlumatlara görə, mallar ilk dəfə 6 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası ərazisindən keçməklə Ermənistan Respublikasına dəmir yolu tranziti ilə daşınıb.
Rusiya və Qazaxıstandan göndərilən yüklərə 24 865 ton buğda, 1 362 ton gübrə və 68 ton qarabaşaq yarması daxildir.
Bəyanatda deyilir ki, 2025-ci ilin dekabr ayı ilə 15 aprel 2026-cı il tarixləri arasında Azərbaycandan Ermənistana ixrac olunan malların gömrük dəyəri 7,2 milyon ABŞ dolları olub. Bunun 4,3 milyon ABŞ dollarını dizel yanacağı və 2,9 milyon ABŞ dollarını benzin təşkil edib.
Firuzə Əliyeva
Sfera.az