ABŞ-nin müharibə naziri Pit Heqset bildirib ki, İran səhv qərarlar qəbul edəcəyi təqdirdə, ABŞ onun enerji infrastrukturuna zərbə endirəcək və dəniz blokadasını davam etdirəcək.
Nazir vurğulayıb ki, ABŞ Silahlı Qüvvələri mümkün hücuma əvvəlkindən daha böyük güclə hazırlaşır: “İran yanlış seçim edib və razılaşmaya gəlməsə, Silahlı Qüvvələrimiz döyüş əməliyyatlarını yenidən başlamağa hazırdır”.
İranla bağlı sərt açıqlamalar fonunda, rəsmi ABŞ-nin mümkün hərbi əməliyyatlarının daha da genişlənməsi və intensivləşməsi ehtimalı nə dərəcədə realdır?
Politoloq Rəşad Bayramov Sfera.az-a açıqlamasında bildirib ki, ABŞ-nin müdafiə siyasətində sərt ritorikanın artması yeni hal deyil, lakin Pit Heqset tərəfindən səsləndirilən bu cür açıq xəbərdarlıqlar artıq yalnız preventiv siqnal xarakteri daşımır:
“Eyni zamanda əvvəlki hərbi mərhələnin davam edə biləcəyinə işarə edir. İran ətrafında gərginliyin son aylarda faktiki hərbi toqquşma mərhələsinə keçməsi vəziyyəti keyfiyyətcə dəyişib və hazırkı 2 həftəlik atəşkəs daha çox taktiki fasilə təsiri bağışlayır. 40 gün davam edən əməliyyatlar göstərdi ki, Vaşinqton üçün hərbi güc artıq hipotetik deyil, praktik alətə çevrilib. Bu baxımdan, indiki mərhələdə əsas məsələ əməliyyatın hansı formada və miqyasda davam edə biləcəyi ilə bağlıdır. ABŞ üçün əsas hədəf tammiqyaslı müharibədən çox, İranın strateji imkanlarını məhdudlaşdırmaq, xüsusilə enerji infrastrukturu və regional təsir rıçaqlarına təzyiq göstərməkdir. Bununla belə, əməliyyatların genişlənməsi məsələsində müəyyən məhdudlaşdırıcı faktorlar qalır. Enerji infrastrukturuna zərbələr qlobal bazarlara dərhal təsir edən addımlardır və bu, yalnız İran deyil, bütövlükdə region üçün ciddi nəticələr yarada bilər. Hörmüz boğazı ətrafında mümkün eskalasiya isə beynəlxalq ticarət və enerji təchizatı üçün kritik risklər formalaşdırır. Bu səbəbdən, Vaşinqton daha çox idarə olunan eskalasiya modelinə, yəni zərbələrin seçici, məqsədli və məhdud çərçivədə saxlanılmasına üstünlük verir”.
Politoloq qeyd edib ki, digər mühüm məqam atəşkəsin xarakteridir:
“Hazırkı fasilə tərəflərin mövqelərini yenidən qiymətləndirməsi, resurslarını bərpa etməsi və diplomatik kanallar vasitəsilə mümkün razılaşma variantlarını yoxlaması üçün bir imkan yaradır. Lakin atəşkəsin bitməsinə az vaxt qalması fonunda ritorikanın sərtləşməsi onu göstərir ki, tərəflər paralel olaraq hərbi ssenariləri də aktiv şəkildə masa üzərində saxlayır. Odur ki, ABŞ-nin mümkün hərbi əməliyyatlarının genişlənməsi ehtimalı hazırkı şəraitdə əvvəlki dövrlərlə müqayisədə daha real görünür. Bununla belə, atəşkəsin uzadılması və danışıqların davam etdirilməsi də ehtimal olunur. Əgər hərbi əməliyyatlar yenidən başlasa belə, zənnimcə, bu genişmiqyaslı deyil, məhdud, hədəfli və fasilələrlə davam edən hərbi təzyiq kampaniyası olacaq. Bu isə regionda uzunmüddətli, lakin aşağı intensivlikli qarşıdurma modelinin formalaşmasına gətirib çıxara bilər”.
Fidan Hacızadə
Sfera.az