ABŞ İran milli futbol komandasının Dünya Kubokunda iştirak edəcəyini və Vaşinqtonla Tehran arasında davam edən gərginliyə baxmayaraq ölkəyə səfər edəcəyini gözləyir.


 


Sfera.az xəbər verir ki, bu barədə “Politico” nəşri ABŞ administrasiyasının Dünya Kuboku üzrə işçi qrupunun rəhbəri Endryu Culianiyə istinadən məlumat yayıb.


 


Culiani bildirib ki, ABŞ hakimiyyət orqanları İran millisinin iştirakını qəbul edib və müvafiq logistika planlaşdırılır. Onun sözlərinə görə, Prezident Donald Tramp şəxsən komandaya dəvət göndərib.




Culiani qeyd edib:


 


“Mən İran komandası adından danışmayacağam, lakin deyə bilərəm ki, ABŞ prezidenti onlarla danışarkən komandanı buraya dəvət edib. FİFA Prezidenti Canni İnfantino da onların gələcəyi ilə bağlı açıqlama verib. Buna görə də biz onları burada gözləyirik”. O əlavə edib ki, ilkin cədvələ əsasən İran millisi təxminən 10 iyun tarixində təlim-məşq toplanışı üçün ABŞ-yə gəlməli, daha sonra isə Los-Anceles və Sietldə oyunlar keçirməli idi. Turnir öncəsi yoldaşlıq görüşünün keçirilməsi ehtimalı da nəzərdən keçirilir".




Martın 11-də İranın idman naziri Əhməd Donyamali milli komandanın Dünya Kubokunda iştirak etməyəcəyini açıqlasa da, martın 16-da Asiya Futbol Konfederasiyasının baş katibi Vindzor Con bu barədə heç bir rəsmi bildiriş almadıqlarını bildirib. Daha sonra İran Futbol Federasiyasının Prezidenti Mehdi Tac komandanın turniri boykot etməyəcəyini açıqlayıb və FİFA ilə bəzi oyunların, o cümlədən Meksikada keçiriləcək matçların yenidən planlaşdırılması imkanının müzakirə edildiyini vurğulayıb. 


 


Niyaz Hacıyev

Sfera.az