Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Fatih Birol bildirib ki, Yaxın Şərqdə enerji istehsal həcmlərinin münaqişədən əvvəlki səviyyədə bərpası təxminən 2 il vaxt apara bilər. Onun sözlərinə görə, bərpa müddəti ölkələrin inkişaf səviyyəsindən asılı olaraq fərqlənəcək. 


 


Fatih Birolun bu açıqlaması maraqlıdır. Buradan belə nəticə çıxara bilərikmi ki, neft qiymətləri yaxın 1-2 ildə Azərbaycanın nəzərdə tutduğu qiymətlərdən yüksək olacaq?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı İlham Şaban bildirib ki, Fatih Birol mövcud vəziyyəti daha çox neqativ ssenari prizmasından qiymətləndirərək bu fikri səsləndirib və bu, ehtiyatlı yanaşmanın nəticəsi kimi qəbul olunmalıdır.


 


Onun sözlərinə görə, əgər ABŞ-İran danışıqları mərhələli şəkildə davam etsə, lakin konkret nəticə əldə olunmasa, yəni hər hansı bir saziş imzalanmasa və regionda nə tam müharibə, nə də tam sülh şəraiti formalaşmasa, bu halda Körfəz ölkələrinin neft və qaz hasilatını əvvəlki səviyyədə bərpa etməsi çətinləşə bilər.


 



 


"Belə bir ssenaridə enerji daşıyıcılarının qlobal bazarda qiymətlərinin yüksək səviyyədə qalması ehtimalı artır və bu vəziyyətin dünya iqtisadiyyatına mənfi təsirlərinin davam etməsi də istisna olunmur", - deyən iqtisadçı vurğulayıb ki, qlobal enerji bazarı və ümumilikdə dünya iqtisadiyyatı kifayət qədər dəyişkəndir:


 


"Geosiyasi proseslər, böyük dövlətlər arasında münasibətlər, yeni enerji layihələri və alternativ enerji mənbələrinin inkişafı kimi amillər bazara birbaşa təsir göstərir. Bu səbəbdən hazırkı vəziyyət uzunmüddətli sabit tendensiya kimi qiymətləndirilməməlidir və hadisələrin inkişafı fərqli istiqamətlərdə dəyişə bilər".


 


Firuzə Əliyeva

Sfera.az