"Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı"na yeni məzmunda 6.46-cı bənd əlavə edilib. Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Qərara əsasən, bakalavriat səviyyəsi üzrə ixtisasların sırasına "Daşınmaz əmlakın idarə olunması" da əlavə edilib.
Bu dəyişiklik ali təhsil sistemi və əmək bazarı üçün hansı yeniliklər və imkanlar yarada bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi xatırladıb ki, Nazirlər Kabinetinin qəbul etdiyi müvafiq qərara əsasən, "Ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatı"nda mühüm dəyişikliklər edilib.
Bu dəyişikliklər həm yeni ixtisasların yaradılmasını, həm də mövcud ixtisasların qruplaşdırılmasında yenilikləri əks etdirir.
Onun sözlərinə görə, əvvəlki ixtisas qrupları (humanitar və sosial, mədəniyyət və s.) ilə yanaşı, "Texniki və texnoloji ixtisaslar" qrupuna yeni bir istiqamət əlavə edilib:
“Bu ixtisas, 6.45 kodu ilə bitən "Yanğın təhlükəsizliyi mühəndisliyi" ixtisasından dərhal sonra siyahıya daxil edilib. “Daşınmaz əmlakın idarə olunması” 6.46 kodu ilə əlavə olunub. Bu sahə üzrə təhsil əvvəllər fərqli bir ad və qrup altında mövcud idi. Ötən ilə qədər "Kənd təsərrüfatı ixtisasları" qrupunda “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası vardı. Bu ixtisas üzrə Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Naxçıvan Dövlət Universiteti (NDU) daxil olmaqla bir neçə ali təhsil müəssisəsi qəbul aparırdı. Bu dəyişiklik əmək bazarında kadr ehtiyacı yarandığı üçün edilib”.
Mütəxəssisin fikrincə, böyük ehtimalla “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisasının adında dəyişiklik ola bilər:
“Digər tərəfdən, olduğu kimi saxlanıla da bilər, bəlkə də "Daşınmaz əmlakın idarə olunması" əlavə ixtisas kimi açılacaq və plan yerləri artacaq. "Daşınmaz əmlakın idarə olunması" ixtisası üzrə plan yerlərinin artırılması və digər ali məktəblərin də bu prosesə qoşulması gözləniləndir. Yeni dəyişikliklə bu sahə kənd təsərrüfatı yönümlü olmaqdan çıxaraq daha çox idarəetmə (menecment) və texnoloji yönümlü status qazanıb".
E. Əfəndi qeyd edib ki, dəyişikliyin əsas səbəbi kimi ölkədəki iqtisadi dinamika göstərilir:
“Ölkədə qeydiyyatdan keçmiş çox sayda daşınmaz əmlak şirkəti fəaliyyət göstərir. Bu şirkətlərin peşəkar səviyyədə idarə olunması üçün "daşınmaz əmlak üzrə menecer" ixtisasına malik kadrlara ciddi ehtiyac yaranıb. Məzunlar həm dövlət qurumlarında, həm də özəl əmlak idarəetmə şirkətlərində iş tapmaq imkanı əldə edəcəklər”.
Firuzə Əliyeva
Sfera.az