İsrail Müdafiə Qüvvələri Livanın cənubunda nəzarətə götürdüyü əraziləri tərk etməyəcək.
Sfera.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrael Katz Livanda qüvvəyə minən atəşkəsi şərh edərkən açıqlama verib. Nazir bildirib ki, İsrail ordusu əməliyyatlar zamanı “təmizlədiyi və nəzarətə götürdüyü bütün əraziləri” saxlayacaq və bu mövqelərdən geri çəkilmək planlaşdırılmır.
Katz vurğulayıb ki, hərbi kampaniyanın əsas məqsədi Hizbullah qruplaşmasının həm hərbi, həm də siyasi yollarla tərksilah edilməsidir. O qeyd edib ki, Litani çayının cənubundakı ərazilər hələ də tam silahsızlaşdırılmayıb. Nazirin sözlərinə görə, bu məqsədə ya siyasi vasitələrlə, ya da atəşkəs rejimi başa çatdıqdan sonra hərbi əməliyyatların davam etdirilməsi ilə nail olunacaq.
Fidan Hacızadə
Sfera.az