Livanda əldə olunan tarixi atəşkəs fonunda Yaxın Şərqdə daha bir mühüm addım atılıb. İran İslam Respublikası strateji əhəmiyyətli Hörmüz boğazını ticarət gəmilərinin keçidi üçün tamamilə açdığını elan edib.
Sfera.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi "X" (keçmiş Twitter) sosial şəbəkəsində etdiyi paylaşımda bildirib ki, Livandakı atəşkəs razılaşmasının şərtlərinə uyğun olaraq, ticarət gəmiçiliyi üçün tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb.
Nazir vurğulayıb ki, boğazdan keçid prosesi İran tərəfi ilə razılaşdırılmış xüsusi marşrutlar üzrə həyata keçiriləcək. "Livandakı atəşkəs razılaşmasına uyğun olaraq, bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi prosesin davamı üçün tamamilə açıq elan edilir", - deyə Əraqçi qeyd edib. Mütəxəssislər Hörmüz boğazının açılmasını qlobal enerji bazarları və dəniz ticarəti üçün müsbət siqnal kimi qiymətləndirirlər. Görünən odur ki, regionda diplomatik manevrlər iqtisadi arteriyaların yenidən canlanmasına şərait yaradır.
Bəsti Rəfizadə
Sfera.az