2026-cı ilin aprelin 1-nə olan məlumata əsasən, Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 2025-ci ilin sonu ilə müqayisədə sabit qalıb, 2026-cı ilin fevral ayı ilə müqayisədə isə azalıb. 2025-ci ilin sonunda strateji valyuta ehtiyatlarının həcmi 85,1 milyard dollar, 2026-cı ilin fevralın sonunda isə 90,7 milyard dollar idi. 




Martda neft və qazın kəskin bahalaşmasına baxmayaraq ehtiyatların fevralla müqayisədə xeyli azalması maraq doğurur. 




Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, əsas səbəb qızılın qiymətində baş verən enişlə bağlıdır.


 


Onun sözlərinə görə, Azərbaycanın strateji ehtiyatlarının strukturunda qızılın payı kifayət qədər yüksəkdir və bu da ümumi ehtiyatların dəyərinə birbaşa təsir göstərir:


 


“Yanvar-fevral aylarında qızılın bir troya unsiyasının qiyməti 5000 dollardan yuxarı olduğu halda, hazırda bu rəqəm təxminən 4500 dollara qədər geriləyib. Nəticə etibarilə, qızılın qiyməti azalan kimi valyuta ehtiyatlarının ümumi dəyərində də azalma müşahidə olunur. Yəni burada fiziki ehtiyatların azalmasından daha çox, onların dəyər ifadəsində ucuzlaşma baş verir”.


 


Rəsmi statistikaya əsasən, 2025-ci ilin sonunda Neft Fondunun valyuta ehtiyatlarının 38,2 faizi qızılda saxlanılırdı və onun ümumi dəyəri 28 milyard dollardan çox idi. Ötən müddətdə qızılın ucuzlaşması onun ehtiyatlarda payını və ümumi dəyərini azaldıb.


 


Firuzə Əliyeva

Sfera.az