Kiçik yaşlı uşaqlarda qəfil qışqırma, əşyaları atma və ya güclü qəzəb reaksiyaları valideynlər üçün ən çətin anlardan biri hesab olunur.


 


Sfera.az bildirir ki, psixoloqlara görə, bu davranışları yalnız problemli hərəkət kimi görmək əvəzinə, uşağın çatdırmaq istədiyi mesaj kimi dəyərləndirmək daha doğru yanaşmadır. Xüsusilə 2-6 yaş aralığında uşaqlarda emosiyaları sözlə ifadə etmə bacarığı tam formalaşmadığı üçün qəzəb və impulsiv davranışlar əsas ünsiyyət vasitəsinə çevrilə bilər. Bu dövrdə uşaqlar hisslərini davranışla göstərməyə daha çox meylli olurlar. Psixoloji yanaşmalara görə, uşaqlar ətraf mühitin emosional tonuna da həssasdırlar.


 


Evdəki stress, yorğunluq və gündəlik gərginlik onların davranışlarına birbaşa təsir göstərə bilər. Eyni zamanda, diqqət və yaxınlıq ehtiyacı ödənilmədikdə, bu da emosional reaksiyalarla ifadə oluna bilər. Bununla yanaşı, bildirirlir ki, yaşa uyğun olmayan və uzun müddətli ekran məzmunu uşaqlarda dözümlülüyün azalmasına və daha tez reaksiya vermə meylinin artmasına səbəb ola bilər. Eyni zamanda, sərhədlərin aydın və ardıcıl şəkildə qoyulması uşaqlarda təhlükəsizlik hissini gücləndirir. Psixoloqlar valideynlərə davranışın arxasındakı emosiyanı anlamağa çalışmağı tövsiyə edir. “İndi əsəbi görünürsən” kimi sadə cümlələr uşağın öz hisslərini tanımasına kömək edə bilər. Mütəxəssislər həmçinin gündəlik rutin, yuxu və qidalanma rejiminin qorunmasının, eləcə də valideyn-uşaq arasında keyfiyyətli ünsiyyətin artırılmasının vacibliyini vurğulayırlar.


 


Fidan Hacızadə


Sfera.az