ABŞ Hərbi Dəniz Qüvvələri və Pentaqon rəhbərliyi Yaxın Şərqdə yerləşdirilən hərbi gəmilərdə qida çatışmazlığı ilə bağlı yayılan məlumatları yalan adlandırıb.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Pentaqon rəhbəri Pit Heqset sosial mediada yaydığı açıqlamada bildirib ki, əməliyyatlarda iştirak edən gəmilərdə heyətin qida təminatı ilə bağlı heç bir problem yoxdur. Onun sözlərinə görə, həm təyyarədaşıyan “USS Abraham Lincoln”, həm də desant gəmisi “USS Tripoli” heyəti kifayət qədər və keyfiyyətli ərzaqla təmin edir.


 


“Dəniz Qüvvələri haqlıdır. Bu, yenə saxta xəbərdir. Mənə təqdim olunan məlumatlara görə, hər iki gəmidə birinci dərəcəli qida ehtiyatı 30 gündən artıq müddət üçün kifayətdir”,-deyə Heqset vurğulayıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin X əməliyyatlar üzrə rəisi də oxşar açıqlama verərək bildirib ki, gəmilərdə nə qida çatışmazlığı, nə də keyfiyyət problemi mövcuddur.


 


Qeyd olunub ki, Dəniz Qüvvələri Komandanlığı hər gün gəmilərdəki vəziyyəti nəzarətdə saxlayır. Bundan əvvəl “USA Today” nəşri heyət üzvlərinin qohumlarına istinadən hərbi gəmilərdə qida çatışmazlığı ehtimalı barədə məlumat yaymışdı. Məqalədə bəzi işçilərin yemək paylarının az olduğu və təqdim edilən qidaların keyfiyyətindən narazı qaldığı iddia edilirdi. Bildirilirdi ki, qohumlar hərbçilərə ərzaq göndərməyə çalışsa da, poçt xidmətlərində yaranan gecikmələr səbəbindən bağlamalar ünvanına çatmır.


 


Fidan Hacızadə


Sfera.az