İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ Prezidenti Donald Tramp barədə kəskin ittihamlarla çıxış edib.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, o, Vaşinqtonun Tehranla bağlı yaydığı məlumatları “dezinformasiya” adlandırıb. Qalibaf sosial şəbəkə hesabında yazıb ki, Tramp qısa müddət ərzində verdiyi açıqlamalarla reallığı təhrif edir:


 


“Bir saat ərzində ABŞ prezidenti yeddi açıqlama verdi və bunların hamısı yalan idi. Onlar bu yalanla nə müharibəni qazana bildilər, nə də danışıqlarda uğur əldə edəcəklər”. İran rəsmisi əlavə edib ki, əgər ABŞ tərəfindən dəniz blokadası davam etdirilərsə, Hörmüz boğazı üzərindən keçid əvvəlki kimi sərbəst olmayacaq. Onun sözlərinə görə, bölgədə dəniz nəqliyyatı Tehran tərəfindən müəyyən olunmuş marşrutlar əsasında tənzimlənə bilər.


 


Qalibaf Trampın konkret hansı açıqlamalarını nəzərdə tutduğunu dəqiqləşdirməsə də, ABŞ prezidenti 17 aprel tarixində İranla bağlı bir sıra iddialar səsləndirib. Tramp bildirib ki, Tehran zənginləşdirilmiş uranı ixrac etməyə və nüvə proqramını qeyri-müəyyən müddətə dayandırmağa hazırdır. O, həmçinin mümkün razılaşmanın əsas şərtlərinin artıq razılaşdırıldığını iddia edib. Rəsmi Tehran isə bu açıqlamalara skeptik yanaşır və Vaşinqtonun mövqeyini təzyiq aləti kimi qiymətləndirir.


 


Fidan Hacızadə


Sfera.az