Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Antalya Diplomatik Forumu çərçivəsində keçiriləcək Balkan Sülh Platformasının nazirlər səviyyəsində iclasında Ukrayna münaqişəsinin həllini müzakirə etməyi planlaşdırır.


 


Sfera.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə bildirib. Mənbənin sözlərinə görə, Fidan Balkan regionundakı vəziyyətlə bağlı məsləhətləşmələr aparmağı, regional əməkdaşlığın dərinləşdirilməsi və şaxələndirilməsi məsələlərini, həmçinin Rusiya-Ukrayna müharibəsinin gedişatını və bunun region üçün nəticələrini müzakirə etməyi nəzərdə tutur.


 


Bildirilib ki, media üçün qapalı keçiriləcək görüşdə Yaxın Şərqdəki vəziyyət də diqqət mərkəzində olacaq. Hakan Fidan platformadakı həmkarlarını Türkiyənin İran ətrafında yaranmış gərginliyin aradan qaldırılması istiqamətində atdığı addımlar barədə də məlumatlandıracaq. Qeyd edək ki, Balkan Sülh Platforması Türkiyənin təşəbbüsü ilə yaradılıb və 13 ölkəni bir araya gətirir. Balkan ölkələrinin xarici işlər nazirlərinin ilk görüşü 26 iyul 2025-ci ildə İstanbulda keçirilib. Platformanın ikinci iclası isə bu ilin 23 yanvarında yenidən İstanbulda təşkil olunub.


 


Niyaz Hacıyev


Sfera.az