İnsan beyni düşündüyümüz qədər “qapalı” bir orqan deyil. Əksinə, o, xüsusi mexanizmlər vasitəsilə özünü davamlı şəkildə təmizləyən aktiv bir sistem kimi fəaliyyət göstərir.


 


Sfera.az xəbər verir ki, tədqiqatlara əsasən, beyin metabolik tullantıların xaric edilməsi üçün iki əsas mexanizmdən istifadə edir. Bunlardan biri onurğa beyni mayesinin dövranı ilə işləyən qlimfatik sistemdir. Digəri isə beyni əhatə edən membranlarda yerləşən limfa drenaj yollarıdır. Bu sistemlər birlikdə hüceyrə tullantılarının, artıq zülalların və müxtəlif metabolitlərin bədəndən uzaqlaşdırılmasına kömək edir.


 


Mütəxəssislər bildirir ki, bu “təmizləmə” prosesi xüsusilə yuxu zamanı daha aktiv olur. Bu isə yuxunun beyin sağlamlığı üçün nə qədər vacib olduğunu bir daha təsdiqləyir. Beləliklə, beyin yalnız düşünmə funksiyası ilə məhdudlaşmır. O, eyni zamanda özünü qorumaq və sağlam saxlamaq üçün mürəkkəb təmizləmə mexanizmlərinə malikdir.


 


Fidan Hacızadə


Sfera.az