Türkiyədə İzmirin Ödəmiş rayonunda, sükutun hökm sürdüyü, daş və kərpic evlərin təbiətlə iç-içə olduğu tarixi Lübbey məhəlləsi küllərindən doğulmağa hazırlaşır. İllər ərzində köçlərin yaratdığı tərk edilmiş görünüşünə görə "Kabus kəndi" ləqəbini qazanan məhəllə, geniş bərpa layihələri və "Efeler Yolu" marşrutu ilə turizm mərkəzinə çevrilir.


 


Sfera.az bildirir ki, tarixi Ellinizm dövrünə gedib çıxan Lübbey, Osmanlı mülki memarlığının ən unikal nümunələrinə ev sahibliyi edir. Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən şəhərsalma ərazisi elan edilən məhəllədə 44 qeydiyyatdan keçmiş mülki memarlıq tikilisi və 4 monumental bina var.


 


Daş, kərpic və palçıq suvağının taxta ilə qarşılaşdığı bu evlər bölgənin tarixi yaddaşını bu günə qədər daşıyır. 


 


"Kabus Kəndi Deyil, "İnfrastrukturun Qurbanı"


 


Bölgədə yoxlamalar aparan İzmir valisi Süleyman Elban Lübbey haqqında sirli əfsanələrə son qoyub. Məhəllənin tərk edilməsi prosesinin "kabus” hekayələrilə heç bir əlaqəsi olmadığını vurğulayan vali Elban:


 


"Bu yer haqqında "kabus kənd" kimi müxtəlif hekayələr uydurulur, amma həqiqət çox sadədir: Keçmişdə məhəllədən əvvəl yaxınlıqdakı yaylaya elektrik və su gəlirdi, ona görə də kəndlilər ora köçüblər. İndi Lübbeyə elektrik enerjisi qayıdıb, su və kanalizasiya şəbəkəsi yenilənir. Artıq sirli hekayələrin yerini turizm alacaq”-deyə bildirir.


 


Türk İstiqlal Müharibəsi zamanı işğalçılara müqavimət göstərən yerli qəhrəmanların ev sahibliyi etdiyi Lübbeydə tarixi məscidin bərpası da başa çatmaq üzrədir.




Bölgə haqqında sənədli filmlər çəkilir, akademiklər isə qəhrəmanlıq dastanı haqqında kitab üzərində işləyirlər.