Almaniya Bundesliqasında “Bavariya” “Ştutqart”ı 4:2 hesabı ilə məğlub edərək vaxtından əvvəl çempionluğunu rəsmiləşdirib.
Sfera.az xəbər verir ki, görüşdə qələbə qollarını Rafael Gerreyro (31-ci dəqiqə), Nikolas Cekson (33), Alfonso Deyvis (37) və Harri Keyn (52) vurublar. Məğlub komandanın heyətində isə Kris Fürrix (21) və Çema Andres (89) fərqləniblər. 30 turdan sonra “Bavariya”nın aktivində 79 xal var. Dörd tur qalmış Münhen təmsilçisi 64 xalla ikinci pillədə qərarlaşan “Borussiya Dortmund” üçün əlçatmaz olub. “Bavariya” bununla da tarixində 35-ci dəfə Almaniya çempionu olub və bu göstərici ilə rekordunu daha da möhkəmləndirib.
“Nürnberq” 9 titulla ikinci, “Borussiya Dortmund” isə 8 çempionluqla üçüncü pillədə yer alır. Münhen klubu mövsümün ikinci titulunu da qazanıb. Belə ki, komanda avqust ayında keçirilən Almaniya Superkubokunun finalında "Ştutqart"ı 2:1 hesabı ilə məğlub edərək kuboka sahib çıxmışdı. “Bavariya” hazırda həm Almaniya Kuboku, həm də Çempionlar Liqasında mübarizəni davam etdirir. Komanda aprelin 22-də Almaniya Kubokunun yarımfinalında səfərdə “Bayer Leverkuzen”lə qarşılaşacaq. Çempionlar Liqasının yarımfinalında isə “Bavariya” “Paris Sen-Jermen”lə üz-üzə gələcək. “Ştutqart” 56 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. Komanda növbəti turda aprelin 26-da “Verder Bremen”i qəbul edəcək, aprelin 23-də isə Almaniya Kubokunun yarımfinalında evdə “Frayburq”la qarşılaşacaq. “Bavariya” isə Bundesliqanın 31-ci turunda aprelin 25-də səfərdə “Maynts”ın qonağı olacaq.
Niyaz Hacıyev
Sfera.az