Amerika nümayəndə heyəti İranla danışıqlarda iştirak etmək üçün bu gün Pakistana səfər edəcək.
Bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.
Maraqlıdır, danışıqların mümkün nəticələri necə qiymətləndirilir? Tərəflər arasında razılıq əldə olunması realdırmı? Pakistanın bu prosesdə vasitəçi platforma kimi seçilməsi hansı amillərlə bağlıdır və bu ölkənin rolu nə dərəcədə təsirli ola bilər?
Politoloq Tural İrfan Sfera.az-a açıqlamasında bildirib ki, İranla ABŞ arasında davam edən danışıqlar əslində müharibədən əvvəl başlamışdı və Omanda aparılırdı. Onun sözlərinə görə, İsrailin müharibə istəyinə tabe olan ABŞ danışıqlara davam etmədi:
“İndiki danışıqların nəticəsinin nə olacağından asılı olmayaraq müharibənin davam edəcəyi ehtimalı daha yüksəkdir. Eyni zamanda İranda SEPAH və sivil hakimiyyət arasında ziddiyyətlər dərinləşir. Hətta SEPAH generalları nazirləri hədəfə alır, açıq şəkildə qarşı gəlirlər. Əgər İranın sivil hakimiyyətin nümayəndələri hesab olunan diplomatlar danışıqlarda nəticə əldə edərlərsə bu nəticə SEPAH generallarını qane etməsə həm müharibə yenilənəcək həm də İranda hakimiyyət daxilində uçurum vətəndaş müharibəsinə qədər gedib çıxa bilər. Pakistanın obyektiv müsəlman ölkəsi, mötədil İslam dövləti olduğunu İran da bilir. Baxmayaraq ki, Kəşmir problemində İran hər zaman Hindistanın yanında olub, Pakistana qarşı cəbhə alıb. Lakin Pakistan həm İran həm də normal münasibətləri olan ABŞ qarşısında öz humanist addımını atır. Ümumiyyətlə, SEPAH generalları və İsrailin radikal mövqeyi qarşısında danışıqların baş tutacağı da az ehtimaldır”.
Politoloq qeyd edib ki, danışıqlar baş tutsa belə, nəticə olmaya bilər:
“Əgər razılıq əldə olunsa da, SEPAH bunu qəbul etməyəcək. Çünki tamamilə müharibəyə kökləniblər. Pakistanın danışıqlar üçün seçilmiş olması əsasən İranın bu ölkəyə sığınması, arxlanaması baxımındandır. Əvvəl Omanda olan danışıqlar nəticə vermədiyi kimi bu da verəcəyək.
ABŞ üçün danışığın harada olması önəmli deyil. Hazırki proseslərdə, İran mövzusunda demək olar ki, de-fakto İran SEPAH tərəfindən, ABŞ isə İsrail tərəfindən idarə olunur. Odur ki, əsas onların mövqeyi və istəyi nəyə doğrudursa, nəticə də ona uyğun olacaq. Onların istəyi isə indiki mərhələdə müharibəni davam etməkdir”.
Niyaz Hacıyev
Sfera.az