Ermənistanın Baş naziri Nikol Paşinyan hakim “Vətəndaş Müqaviləsi” Partiyasının yeni seçki proqramını təqdim edib.


 


Sfera.az xəbər verir ki, sənəddə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və sülh gündəliyi əsas istiqamətlərdən biri kimi ön plana çıxarılıb. Paşinyan bildirib ki, proqram onun müraciəti ilə başlayır və bu müraciətdə 2021-ci ildə parlament tərəfindən təsdiqlənmiş hökumətin 2021-2026-cı illəri əhatə edən fəaliyyət planına istinad edilir.


 


Onun sözlərinə görə, bu yanaşma təsadüfi deyil və əvvəlki öhdəliklərin davamı kimi qiymətləndirilməlidir. Baş nazir qeyd edib ki, 2021-ci il növbədənkənar parlament seçkilərindən sonra hökumətin üzərinə götürdüyü ən böyük vəzifə regionda sülhün təmin olunması idi. O iddia edib ki, bu istiqamətdə mühüm nəticələr əldə olunub və artıq Ermənistan üçün sülh şəraitində inkişaf mərhələsi başlayıb.


 


Paşinyan seçicilərə müraciət edərək vurğulayıb ki, qarşıdakı parlament seçkilərində əsas məqsəd əldə olunan sülhü qorumaqdır:


 


“Bu proses hələ yeni başlayıb, həssasdır və daim diqqət tələb edir. Seçki günü fəal iştirak edərək sülh gündəliyinə dəstək vermək vacibdir”. O, əlavə edib ki, partiyanın proqramı “Real Ermənistan” ideologiyasına əsaslanır və ölkənin iqtisadi, eləcə də institusional dəyişikliklərini nəzərdə tutur. Həmçinin 2026-2031-ci illəri əhatə edən əsas prioritet istiqamətlər də sənəddə yer alıb.


 


Firuzə Əliyeva


Sfera.az