Türkiyə rəsmiləri Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə təmasları zamanı Ukraynada nizamlanma ilə bağlı danışıqlara ev sahibliyi etməyə hazır olduqlarını dəfələrlə bəyan ediblər.
Bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib. Nazir Antalya Diplomatik Forumunun bağlanış mərasimində keçirilən mətbuat konfransında qeyd edib ki, Türkiyə həm liderlər səviyyəsində, həm də texniki formatda danışıqların təşkili üçün hazırdır və bu istiqamətdə əvvəlki kimi fəaliyyət göstərmək niyyətindədir.
Bəs görəsən, Türkiyə bu prosesdə effektiv vasitəçi rolunu oynaya bilərmi? Rəsmi Ankara danışıqlara ev sahibliyi edərsə, Rusiya-Ukrayna münaqişəsinin hazırkı mərhələsində tərəflərin kompromisə getmə ehtimalı nə dərəcədə realdır?
Politoloq Zeynal Əmrəliyev Sfera.az-a açıqlamasında bildirib ki, Türkiyənin bu məsələdə vasitəçi rolunu oynaması üçün geniş balansı var. Onun sözlərinə görə, Türkiyə əvvəllər də Rusiya-Ukrayna müharibəsində vasitəçi rolunu oynayıb və kifayət qədər uğurlu alınıb:
“Məsələn, taxıl sözləşməsi, əsrlərin mübadiləsi nümunə göstərilə bilər. Rusiyanın üzərində sıx dayandığı Azov batalyonunun döyüşçüləri məhz Türkiyənin vasitəçiliyi ilə əsirlikdən azad olunmuşdu. Dəfələrlə də İstanbul formatında iki ölkənin nümayəndələri arasında görüşlər keçirilib. Bu da kifayət qədər uğurlu format idi. Görüşlər nəticəsində müəyyən razılaşmalar əldə olunub”.
Politoloq qeyd edib ki, gələcəkdə liderlər arasında görüş keçirilərsə, bu da Türkiyə formatında olacaq:
“Böyük ehtimalla, Türkiyənin vasitəçiliyi ilə Türkiyədə keçiriləcək bu görüş, münaqişənin həllində müəyyən rol oynayacaq. Hazırda davam edən situasiya, tərəflərin bir-birinə sərt tələblər irəli sürməsi, münaqişənin həlli istiqamətini çətinləşdirir. Amma münaqişəni həll etmək üçün zamana ehtiyac var. Eyni zamanda çox güclü vasitəçiliyə ehtiyac var. Həm Rusiyanın, həm də Ukraynanın etibar etdiyi vasitəçi olmalıdır. Bu da Türkiyədən başqası ola bilməz. Türkiyə hər iki ölkəni razı sala biləcək gücdədir. İstanbulda və yaxud da Türkiyənin başqa bir şəhərində belə bir görüş keçirilə bilər. Görünür ki, Ukrayna tərəfi də buna razıdır. Əgər Rusiya tərəfi də buna razı olarsa, daha geniş statuslu, xarici işlər nazirləri və prezident səviyyəsində görüş keçirilə bilər”.
Niyaz Hacıyev
Sfera.az