Çinin Liaonin əyalətində qeyri-adi dəfn mərasimi baş verib.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, varlı bir iş adamının vəfatından sonra ailəsi onun o dünyada da rahat yaşaması üçün qara rəngli “Mercedes-Benz S-Class”avtomobilini məzara basdırıb. 


 


Avtomobilin üzərində isə uğur və zənginliyin simvolu sayılan “8888” nömrə nişanı olub.




Hadisə qısa müddətdə sosial mediasında trendə çevrilib. Bəzi insanlar ailəni sərvət nümayiş etdirməkdə ittiham edib. Ailə üzvləri isə bu addımı mərhuma olan hörmət və övladlıq borcunun ifadəsi kimi qiymətləndirib.




Qalmaqaldan sonra yerli hakimiyyət orqanları məsələyə müdaxilə edib. Mülki İşlər Bürosu Cin soyadlı ailəyə “feodal mövhumatlar səbəbindən qeyri-qanuni dəfn” ittihamı ilə xəbərdarlıq edib.




Məsələ ilə bağlı mütəxəssislər qeyd edir ki, bu cür addımlar torpaq və yeraltı sular üçün ciddi təhlükə yaradır. Avtomobildəki yanacaq və digər kimyəvi maddələr zamanla sızaraq ətraf mühiti çirkləndirə bilər.




Qeyd edək ki, Çində adətən real əşyalar deyil, kağızdan hazırlanmış avtomobil, ev və elektronika maketləri yandırılır. Bu ənənənin mərhumun o dünyada rifah içində yaşamasını təmin etdiyinə inanılır.


 


Fidan Hacızadə

Sfera.az