ABŞ ordusunun İran bayrağı altında üzən “Touska” yük gəmisini vuraraq nəzarətə götürməsi və ardınca İranın pilotsuz uçuş aparatları ilə ABŞ hərbi gəmilərinə hücum etməsi Vaşinqton-Tehran xəttində gərginliyin yeni mərhələyə keçdiyini göstərir.
Yaxın Şərqdə onsuz da yüksək olan hərbi-siyasi risklər fonunda tərəflər arasında baş verən bu qarşılıqlı hücumlar regional təhlükəsizliyi ciddi təhdid altına salır.
Ekspertlər hesab edir ki, dənizdə baş verən belə insidentlər daha genişmiqyaslı hərbi toqquşmalar üçün zəmin yarada bilər. Mövcud vəziyyət həm beynəlxalq ticarət marşrutlarına, həm də bölgədəki qüvvələr balansına təsir göstərə biləcək kritik mərhələ kimi qiymətləndirilir.
Bu hadisələr ABŞ və İran arasında daha böyük hərbi toqquşmanın başlanğıcı ola bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, ABŞ ilə İran arasında baş verən bu qarşılıqlı zərbələr eskalasiyanın təhlükəli mərhələyə keçdiyini göstərsə də, bu mərhələdə onların birbaşa və genişmiqyaslı müharibəyə keçməsi hələ də aşağı ehtimallı ssenari kimi qiymətləndirilir.
Onun sözlərinə görə, hər iki tərəf indiyə qədər daha çox “nəzarətli gərginlik” strategiyasına üstünlük verib, yəni qarşı tərəfə siqnal vermək üçün məhdud və hesablanmış addımlar atılır, amma tammiqyaslı toqquşmaya gətirib çıxaracaq xətt keçilmir:
“ABŞ üçün əsas prioritet regionda balansı qorumaq və müttəfiqlərinin təhlükəsizliyini təmin etməkdir, İran isə daha çox asimmetrik vasitələrdən istifadə edərək öz təsir dairəsini genişləndirməyə çalışır. Bu səbəbdən hazırkı hadisələr daha çox güc nümayişi və qarşılıqlı çəkindirmə xarakteri daşıyır. Bununla yanaşı, risk tamamilə aradan qalxmış deyil. Belə situasiyalarda ən böyük təhlükə planlaşdırılmamış eskalasiyadır, yəni tərəflərdən birinin reaksiyasının gözlənildiyindən daha sərt olması və ya hadisələrin nəzarətdən çıxması. Xüsusilə Hörmüz boğazı kimi strateji nöqtələrdə hər hansı insident qlobal enerji bazarına dərhal təsir göstərir və bu da beynəlxalq aktorları prosesə daha aktiv şəkildə cəlb edə bilər”.
Politoloq sonda qeyd edib ki, əgər qarşılıqlı zərbələr davamlı xarakter alarsa və ya proksi qüvvələr üzərindən hücumlar genişlənərsə, bu zaman lokal toqquşmaların daha geniş regional qarşıdurmaya çevrilməsi ehtimalı əhəmiyyətli dərəcədə arta bilər.
Firuzə Əliyeva
Sfera.az