Birləşmiş Millətlər Təşkilatının yeni baş katibi vəzifəsi uğrunda mübarizə çərçivəsində bu həftə dörd namizəd “dinləmə” mərhələsindən keçəcək.


 


Sfera.az “Associated Press”ə istinadən xəbər verir ki, namizədlərin sayı 10 il əvvəlki proseslə müqayisədə xeyli azdır. Belə ki, 2016-cı ildə keçirilən seçkilərdə 13 namizəd mübarizə aparmış və nəticədə Antonio Quterreş BMT-nin baş katibi seçilmişdi.


 


Məlumata əsasən, ilk olaraq Çilinin sabiq prezidenti Miçel Baçelet çərşənbə axşamı günü BMT-yə üzv 193 ölkənin səfirləri qarşısında üç saatlıq sual-cavab sessiyasında iştirak edəcək. O, həm iki qadın namizəddən biri, həm də Latın Amerikasını təmsil edən üç namizəddən biridir.


 


Onun ardından Argentinanı təmsil edən və BMT-nin nüvə agentliyinin rəhbəri Rafael Mariano Qrossi dinləmələrə qatılacaq.


 


Çərşənbə günü isə BMT-nin ticarət üzrə rəhbəri Rebeka Qrinspan Baş Assambleya zalında çıxış edəcək. Dinləmələrin sonuncu iştirakçısı isə Seneqalın sabiq prezidenti Maki Sall olacaq.


 


Qeyd edək ki, bu dinləmələr BMT baş katibi vəzifəsinə namizədlərin mövqelərini açıqlaması və üzv ölkələrin suallarını cavablandırması baxımından mühüm mərhələ hesab olunur.


 


Firuzə Əliyeva


Sfera.az