Ayda suyun mənşəyi ilə bağlı uzun illər davam edən mübahisələrə aydınlıq gətirən yeni tədqiqat aparılıb. Araşdırma göstərib ki, su Ay səthində birdəfəlik böyük hadisə nəticəsində deyil, milyardlarla il ərzində tədricən toplanıb.
Sfera.az xəbər verir ki, araşdırmanın nəticələri “Nature Astronomy” jurnalında dərc olunub. Məlumata görə, xüsusilə Ayın cənub qütbündə yerləşən və uzun müddət günəş işığı görməyən ən qədim kraterlərdə su buzunun miqdarı daha çoxdur. Bu fakt gələcək kosmik missiyalar üçün mühüm perspektivlər açır. Alimlərin gəldiyi nəticəyə görə, Ayda su 3-3,5 milyard il ərzində fasiləsiz şəkildə yığılıb. Tədqiqata rəhbərlik edən Pol Heyn bildirib ki, ən qədim kraterlərdə daha çox buzun olması bu prosesin uzun müddət davam etdiyini sübut edir.
Araşdırma zamanı Ayın Kəşfiyyat Orbiteri (Lunar Reconnaissance Orbiter) aparatının topladığı məlumatlar və kompüter modellərindən istifadə olunub. Nəticələr göstərib ki, nə qədər uzun müddət kölgədə qalan krater varsa, orada buz ehtiyatı da bir o qədər çoxdur. Məsələn, Havort krateri 3 milyard ildən çoxdur kölgədə qalır və burada suyun mövcudluğunu göstərən güclü siqnallar qeydə alınıb.
Mütəxəssislər suyun yaranmasının bir neçə mümkün mənbəyini qeyd edirlər. Bunlara komet və asteroid toqquşmaları, qədim vulkanik fəaliyyət, Günəş küləyinin təsiri və hətta Yer atmosferindən gələn hissəciklər daxildir. Tədqiqatın nəticələri gələcək Ay missiyaları baxımından da əhəmiyyətlidir. Belə ki, buz ehtiyatları içməli su, oksigen və raket yanacağı istehsalı üçün istifadə oluna bilər. Bu isə Ayda daimi bazaların yaradılmasını daha real edir. Alimlər vurğulayır ki, suyun dəqiq mənşəyini müəyyənləşdirmək üçün Ay səthindən götürüləcək nümunələrin laborator analizinə ehtiyac var.
Firuzə Əliyeva
Sfera.az