Yaxın Şərqdə yaranmış vəziyyət dünyanın ən böyük mal ixracatçısı olan Çinə də mənfi təsir göstərib. Çin regiondakı vəziyyətdən nəticə çıxararaq alternativ yükdaşıma xətlərini inkişaf etdirilməsini istəyir. Bu məqsədə uyğun olaraq İpək Yolunun və onun əsas həlqələrindən biri olan TRİPP layihəsinin daha sürətlə reallaşdırılması aktuallaşıb. 




Bu proses TRİPP layihəsinin əhəmiyyətini artıracaqmı?




Bu haqda Sfera.az-a açıqlama verən Oqtay Qasımovun sözlərinə əsasən, Rusiya-Ukrayna savaşı başlanandan sonra Orta Dəhlizin əhəmiyyəti artmağa başlayıb və bu dəhlizdən daşımaların həcmi ciddi şəkildə artım göstərib:




“Bu ilin əvvəlindən ABŞ-İran savaşı başlanandan sonra isə biz bu dəhlizin əhəmiyyətinin nə qədər artdığını artıq əyani şəkildə görməyə başlayırıq. Belə ki, məhz İrandakı savaş həm Hörmüz boğazının blokadaya alınmasına gətirib çıxarır, eyni zamanda Bab-əl-Məndəb boğazının da bağlanma riskləri mövcuddur ki, bu da Qırmızı dəniz üzərindən dünya bazarına malların daşınmasında ciddi problemlər yarada bilər. Bu isə iqtisadiyyat üçün neqativ nəticələrə gətirib çıxarır. Əlbəttə, bütün bu proseslər Çinə də müəyyən təsirlər edir. Belə ki, Çin hal-hazırda dünyanın əsas istehsal fabriki hesab olunur və dünya bazarına ən çox istehsal olunmuş əmtəəni ixrac edən ölkə məhz Çindir. Həm Şimal dəhlizində, eyni zamanda İran sahillərindən keçən və Süveyş kanalı üzərindən həyata keçirilən daşımalarda yaranan problemlər, eləcə də Hörmüz boğazı ilə bağlı çətinliklər Çin üçün ən önəmli problemlər kimi qiymətləndirilə bilər. Bu baxımdan, əlbəttə, hal-hazırda Orta Dəhliz öz aktuallığını bir qədər də artırıb”.


 





Ekspertin fikrincə, məhz bu baxımdan, Orta Dəhlizin əsas komponentlərindən biri kimi Zəngəzur dəhlizinin və TRİPP layihəsinin də gerçəkləşməsi vacibdir:




“Düşünürəm ki, Trampın Çinə gözlənilən səfəri gələn ay baş verəcəksə, təbii ki, tərəflər müxtəlif məsələləri müzakirə edəcəklər və bu məsələlər arasında öncü variantlardan biri kimi Orta Dəhlizin də müzakirəsi yer ala bilər. Belə ki, məhz həmin TRİPP layihəsində, bildiyiniz kimi, Amerika Birləşmiş Ştatları nəzarəti həyata keçirməlidir. Bu baxımdan Zəngəzur dəhlizinin əhəmiyyəti ciddi şəkildə artıb. Hazırda bizim bölgəmiz hərbi gərginlik risklərindən xeyli dərəcədə sığortalanmış vəziyyətdədir. Doğrudur, bölgədə vəziyyəti qarışdırmaq istəyən maraqlı qüvvələr var, amma eyni zamanda həm Azərbaycan, həm də Ermənistan rəhbərliyi vəziyyətin həssaslığını düzgün qiymətləndirir. Ermənistanda keçiriləcək seçkilər problemsiz ötüşəcəksə və Paşinyan komandası hakimiyyətdə qalacaqsa, o zaman bu prosesin normal şəkildə irəlilədiyini görə bilərik. Belə ki, elə iki gün öncə Paşinyan özü də bəyan etdi ki, yaxın dövrlərdə Zəngəzur dəhlizi ilə bağlı, yəni TRİPP marşrutu çərçivəsində ciddi addımların atılması planlaşdırılır. Bu baxımdan, əlbəttə ki, İran-Amerika və Rusiya-Ukrayna savaşları Orta Dəhlizin və onun əsas komponentlərindən biri kimi Zəngəzur dəhlizinin əhəmiyyətini ciddi şəkildə artırıb”.




Bəsti Rəfizadə

Sfera.az