ABŞ Prezidenti Donald Tramp rəsmi Tehranın onlara təklif olunan razılaşmanı qəbul etməyəcəyi təqdirdə İrandakı hər bir elektrik stansiyasını və körpünü vurub sıradan çıxaracağı ilə hədələyib.
Trampın bu bəyənatını real hesab etmək olarmı? Yoxsa İrana hədə gəlmək məqsədi daşıyır?
Siyasi şərhçi Ülviyyə Zülfiqar Sfera.az-a açıqlamasında bildirib ki, son günlərdə ABŞ Prezidenti Donald Tramp tərəfindən səsləndirilən bəyanatlar təsadüfi və emosional çıxışdan daha çox, konkret siyasi-mənəvi təzyiq aləti kimi görünür:
“Mövcud məlumatlar göstərir ki, bu ritorika ABŞ-İran qarşıdurmasının artıq real hərbi fazaya keçdiyi bir mərhələdə səslənir və Vaşinqton müəyyən addımlar atıb. Bu baxımdan, bəyanatı tamamilə “boş hədə” kimi qiymətləndirmək düzgün olmaz. Digər tərəfdən, bu cür açıqlamalar klassik məcburedici diplomatiya strategiyasının tərkib hissəsidir. Məqsəd qarşı tərəfi danışıqlara və güzəştlərə yönəltməkdir. Bu isə göstərir ki, Trampın ritorikası həm psixoloji təsir, həm də danışıqlarda mövqeləri gücləndirmək üçün istifadə olunur”.
Siyasi şərhçinin sözlərinə görə, bununla belə, riskli məqam ondan ibarətdir ki, bu tip bəyanatlar artıq müəyyən qədər real hərbi addımlarla müşayiət olunur:
“Yəni bu, sadəcə söz müharibəsi deyil. Müəyyən ssenarilərdə real əməliyyat planının bir hissəsi ola bilər. Trampın bu bəyanatını ikiqat xarakterli qiymətləndirmək daha doğru olar: bir tərəfdən bu, sərt psixoloji təzyiqdir, digər tərəfdən isə eskalasiyanın davam edəcəyi halda real hərbi ssenarinin anonsudur”.
Fidan Hacızadə
Sfera.az