Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Cənubi Qafqazda davamlı sülhün bərqərar olunması ilə bağlı nikbinliyini ifadə edib. Qurum Bakı ilə İrəvan arasında əldə edilən son razılaşmaların regionun gələcəyi üçün mühüm addım olduğunu hesab edir.




Sfera.az bildirir ki, bu barədə KTMT-nin baş katibi Taalətbek Masadıkov təşkilatın Parlament Assambleyası Şurasının iclasında çıxışı zamanı deyib.




Baş katib qeyd edib ki, təşkilat Qafqaz kollektiv təhlükəsizlik bölgəsindəki prosesləri yaxından izləyir. Onun sözlərinə görə, hazırda regionda sabitlik axtarışları həlledici mərhələyə qədəm qoyub:




"Biz iki ölkə arasında hərtərəfli dövlətlərarası sülh müqaviləsinin imzalanmasına yönəlmiş ümidverici tendensiyaları müşahidə edirik. İnanırıq ki, Azərbaycan-Ermənistan münasibətlərinin tam tənzimlənməsi Cənubi Qafqazda davamlı sülh və sabitliyə aparan ən etibarlı yoldur".




Masadıkov vurğulayıb ki, tərəflər arasında birbaşa təmasların və əldə olunan razılaşmaların davamlı olması bütün regionun təhlükəsizlik arxitekturasına müsbət təsir göstərəcək. KTMT rəsmisi sülh prosesinin uğurla başa çatmasının tərəfdarı olduqlarını bir daha diqqətə çatdırıb.




Bəsti Rəfizadə

Sfera.az