"Venesuela inamla iqtisadi artıma qayıdıb və gündəlik neft hasilatını 1,1 milyon barelə çatdırıb".
Bu barədə Venesuelanın səlahiyyətli prezidenti Delsi Rodriqes televiziya ilə çıxışında açıqlama verib. Onun sözlərinə görə, yüzlərlə xarici şirkət ölkənin enerji sektoruna investisiya qoymağa hazırdır.
"Hazırda dövlət neft-qaz şirkəti gündə 1,1 milyon barel neft hasil edir. Qaz ixracını təşkil etmək üçün ilkin addımlar atmışıq və bu ay, blokada səbəbindən azaldılmış 2025-ci ilin dekabr ayındakı neft hasilatı səviyyəsinə çatmağı gözləyirik", - deyə Rodriqes vurğulayıb.
Bəs Venesuelanın neft hasilatını artırması planı neft bazarlarında ciddi qiymət dəyişikliyi yarada bilərmi?
Məsələ ilə bağlı iqtisadçı Allahverdi Aydın Sfera.az-a açıqlama verib.
Onun sözlərinə əsasən, Venesuelanın neft hasilatını gündəlik 1,1 milyon barelə çatdırması önəmli xəbərdir. Lakin nəzərə alsaq ki, Venesuela hazırda 303 milyard bareldən çox təsdiqlənmiş xam neft ehtiyatı ilə dünyada birinci yerdədir, o zaman 1,1 milyonluq hasilat o qədər də böyük göstərici deyil:
“Dünya üzrə gündəlik neft tələbatının təxminən 102-103 milyon barel olduğunu nəzərə alsaq, Venesuelanın hasilat həcmi qlobal təklifin cəmi 1%-ni təşkil edir. Qiymətlərə təsir etmək üçün hasilat ən azı gündəlik 2-3 milyon barel civarında olmalıdır. Tarixi göstəricilərə nəzər salsaq görərik ki, Venesuelada 1997-ci ildə gündəlik neft hasilatı təxminən 3,5 milyon barel ətrafında olub. O dövrdə Venesuelanın qlobal neft qiymətlərinə təsir etmək imkanları da geniş idi. Lakin 2020-ci ildə bu rəqəm investisiya çatışmazlığı və sanksiyalar səbəbindən gündəlik 337 min barelə qədər gerilədi. Nəticədə Venesuela qlobal neft bazarlarında əsas ‘oyunçu’ olmaqdan kənarlaşdı”.
İqtisadçı hasilatda kəskin və davamlı artımın ən yaxşı halda 2028-ci ildən sonra baş verə biləcəyini bildirib:
“Hazırda hasilatın 1,1 milyon barelə çatdırılması böyük bir sıçrayış olsa da, bu, hələ də tarixi potensialdan çox geri qalır. Yaxın dövrdə 2-3 milyonluq hasilata çatmağa ölkənin köhnəlmiş infrastrukturu imkan vermir. Xarici investisiya marağı artsa da, sanksiyaların tam ləğv edilməməsi və siyasi risklər köhnəlmiş infrastrukturun tezliklə yenilənəcəyini inandırıcı etmir. Hasilatda kəskin və davamlı artım ən yaxşı halda 2028-ci ildən sonra baş verə bilər. Bunun üçün də milyardlarla dollar investisiya yatırılmalıdır, çünki mövcud quyuların və boru kəmərlərinin əksəriyyəti texniki baxımdan sıradan çıxmış vəziyyətdədir. Bu səbəbdən hesab edirəm ki, Venesuela neftinin qlobal neft qiymətlərinə təsiri ən azı yaxın 2-3 ildə çox aşağı səviyyədə olacaq”.
Bəsti Rəfizadə
Sfera.az