Aprelin 16-da Brüssel şəhərində Azərbaycanla Avropa İttifaqı nümayəndələri arasında yeni ikitərəfli saziş üzrə danışıqların bərpası və Tərəfdaşlıq Prioritetləri sənədi üzrə növbəti müzakirələrin aparılması məqsədilə görüş baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatına görə, müzakirələr hər iki sənəd üzrə mövqelərin qarşılıqlı əsasda anlaşılması və danışıqların növbəti mərhələlərinin planlaşdırılmasına xidmət edib. Növbəti belə danışıqlar iyunun əvvəlində Bakıda olacaq.
Bu görüş həm Azərbaycan iqtisadiyyatı, həm də siyasi sferası üçün səmərəli olacaqmı?
Sfera.az-a bu haqda açıqlama verən politoloq Elçin Xalidbəylinin sözlərinə əsasən, Azərbaycan çoxvektorlu xarici siyasət sayəsində dünyanın bir çox istiqamətləri üzrə nüfuzlu dövlətlərlə və beynəlxalq qurumlarla qarşılıqlı münasibətlərini inkişaf etdirməkdə davam edir və təbii ki, Azərbaycanın Avropa Birliyi ilə olan münasibətləri də bu sıraya daxildir:
“Son illərdə, xüsusilə də Ukrayna savaşı davam etdiyi zaman intervalında Azərbaycanın Avropa Birliyi üçün əhəmiyyəti daha da artıb. Çünki “qoca qitənin” enerji resurslarına ehtiyacı var və qlobal məkanda belə enerji qaynaqlarından biri də Azərbaycan hesab olunur.Təbii ki, bu səbəbdən də Azərbaycan və Avropa Birliyi arasında bir sıra önəmli sazişlər imzalanıb və Azərbaycan hazırda Avropa Birliyinin enerji təhlükəsizliyi üzrə strateji tərəfdaşıdır”.
Ekspertin fikrincə, Avropa Birliyində Azərbaycanla bağlı önəmli qərarlar olacaq:
“Düzdür, bu qurumun bəzi təmsilçiləri Azərbaycana qarşı qərəzli davranmaqda hələ də davam edirlər. Ancaq bununla belə, iqtisadi maraqlar hazırda siyasətin istiqamətlərini müəyyənləşdirən əsas faktordur və bu baxımdan Avropa Birliyinin də Azərbaycanın enerji resurslarına ehtiyacı var. Təbii ki, yaxın gələcəkdə Azərbaycan və Avropa Birliyi ilə imzalanacaq yeni sənədlər, eyni zamanda iqtisadi-ticari sahədə əməkdaşlıq hər iki tərəf üçün faydalı ola bilər. O cümlədən Azərbaycan üçün də. Azərbaycan öz enerji resurslarını Avropa bazarlarına çıxarmaqda davam edir və bu prosesə paralel olaraq Azərbaycanın Avropa Birliyi ilə bağlı yeni layihələr paketi də mövcuddur. “Yaşıl enerji” layihəsi hazırda yalnız Avropa Birliyinin deyil, bütün dünyanın diqqət mərkəzində olan bir layihədir. Yəni, bu baxımdan hesab etmək olar ki, Azərbaycan-Avropa Birliyi münasibətləri hər iki tərəfin qarşılıqlı mənfəəti və maraqları çərçivəsində inkişaf etmək imkanları qazanıb”.
Bəsti Rəfizadə
Sfera.az