Almaniyanın enerji gündəmi yenidən kəskinləşir və bu dəfə məsələ təkcə iqtisadi müstəvidə deyil, milli təhlükəsizlik çərçivəsində müzakirəyə çıxarılır.


 


Fridrix Merzin rəhbərlik etdiyi hökumətin enerji böhranı ilə bağlı Milli Təhlükəsizlik Şurasını toplamaq niyyəti rəsmi açıqlamalardakı “təchizat sabitdir” mesajlarına baxmayaraq, arxa planda risklərin daha ciddi qiymətləndirildiyini göstərir.


 


Son illərdə Rusiyadan enerji asılılığının azaldılması, alternativ mənbələrə keçid və bazarların yenidən qurulması istiqamətində addımlar atan Almaniya üçün bu cür fövqəladə müzakirələrin gündəmə gəlməsi enerji sektorunda qeyri-müəyyənliyin hələ də qalmaqda olduğunu ortaya qoyur.


 


Qlobal enerji bazarlarında qiymət dalğalanmaları, geosiyasi gərginliklər və təchizat zəncirlərindəki həssaslıq fonunda Berlinin ehtiyatlı davranması isə təkcə milli deyil, ümumilikdə Avropa İttifaqı üçün siqnal xarakteri daşıyır. Almaniyada enerji ilə bağlı artan narahatlıq Avropada yeni iqtisadi böhranın başlanğıcı kimi qiymətləndirilə bilərmi?


 


Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, Fridrix Merz tərəfindən enerji məsələsi ilə bağlı Milli Təhlükəsizlik Şurasının toplanması təşəbbüsü ilk növbədə onu göstərir ki, məsələ artıq sırf iqtisadi yox, strateji təhlükəsizlik səviyyəsinə yüksəlib. Bu isə Avropada enerji risklərinin hələ də tam aradan qalxmadığını təsdiqləyir. Onun sözlərinə görə, bununla belə, Almaniyada yaranan narahatlığı dərhal yeni iqtisadi böhranın başlanğıcı kimi qiymətləndirmək bir qədər tələsik yanaşma olar:


 



 


“Burada bir neçə mühüm məqam var ki, Almaniya son illərdə enerji mənbələrinin diversifikasiyası istiqamətində ciddi addımlar atıb. Xüsusilə LNG idxalının artırılması, alternativ təchizat marşrutlarının qurulması və bərpa olunan enerji yatırımları müəyyən tampon rolunu oynayır.İkincisi isə hazırkı vəziyyət daha çox geosiyasi və bazar risklərinin artması ilə bağlıdır. Enerji qiymətlərində volatillik, təchizat zəncirlərində potensial qırılmalar və mövsümi faktorlar bu cür addımları şərtləndirir. Üçüncüsü isə Avropa İttifaqı səviyyəsində artıq enerji təhlükəsizliyi ilə bağlı koordinasiya mexanizmləri gücləndirilib. Bu da lokal risklərin dərhal sistemli böhrana çevrilməsi ehtimalını azaldır”.


 


A.İbrahimov qeyd edib ki, Almaniyada enerji ilə bağlı artan narahatlıq daha çox risklərin artdığını və hökumətin qabaqlayıcı tədbirlər gördüyünü göstərir:


 


“Hələlik bunu Avropada yeni genişmiqyaslı iqtisadi böhranın başlanğıcı kimi qiymətləndirmək üçün kifayət qədər əsas yoxdur. Bununla belə, əgər enerji bazarında gərginlik uzunmüddətli xarakter alsa, qiymət şokları və sənaye istehsalında zəifləmə vasitəsilə bu risklər daha geniş iqtisadi təsirlərə çevrilə bilər”.


 


Firuzə Əliyeva


Sfera.az