Corablarınızı çıxardıqdan sonra topuqlarınızda yaranan izlər çox vaxt adi hal kimi qəbul edilsə də bu vəziyyət bəzən orqanizmin verdiyi mühüm siqnal ola bilər.




Sfera.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, corab izlərinin ən yayılmış səbəbi ayaqlarda maye yığılması – yəni ödəmdir.


 


Gün ərzində uzun müddət ayaq üstə qalmaq, duzlu qidaların çox qəbulu və fiziki aktivliyin azlığı bu halı daha da gücləndirir. Nəticədə topuqlarda yüngül şişkinlik yaranır və corabın sıxdığı yerlərdə izlər daha qabarıq görünür.




Bununla yanaşı, böyrəklərin fəaliyyətində problemlər də bu əlamətə səbəb ola bilər. Böyrəklər bədəndə maye və duz balansını tənzimləyir. Onların funksiyası zəiflədikdə, artıq maye orqanizmdən xaric olunmur və əsasən ayaqlarda toplanır.




Eyni zamanda ürək-damar sistemi ilə bağlı problemlər də corab izlərinin yaranmasına gətirib çıxara bilər. Ürək qanı kifayət qədər güclə pompalamadıqda, bədəndə maye toplanır və bu da xüsusilə günün sonunda ayaqlarda şişkinlik kimi özünü göstərir.




Həkimlər bildirir ki, corab izləri hər zaman təhlükəli olmasa da bu hal tez-tez təkrarlanırsa və şişkinliklə müşahidə olunursa, səbəbi araşdırmaq üçün mütləq mütəxəssisə müraciət etmək lazımdır.


 


Mənsumə

Sfera.az