İspaniyanın “Real Madrid” klubu İsveçrənin Lozanna şəhərində keçirilən UEFA Gənclər Çempionlar Liqasının (U19) finalında Belçikanın “Brügge” komandasını penaltilər seriyasında məğlub edərək çempion olub.
Sfera.az xəbər verir ki, gərgin keçən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Madrid təmsilçisinin heyətində Yakobo Orteqa 23-cü dəqiqədə hesabı açıb. “Brügge”nin qoluna isə 64-cü dəqiqədə Tobias Lund-Yensen imza atıb. Qalib penaltilər seriyasında müəyyənləşib və “Real Madrid” 4:2 hesabı ilə üstün olub. Bununla da Madrid klubu Gənclər Çempionlar Liqasında ikinci titulunu qazanıb.
Komanda ilk dəfə bu uğura 2020-ci ildə imza atmışdı. Turnirin ən uğurlu komandası isə üç çempionluqla “Barselona” hesab olunur. UEFA Gənclər Çempionlar Liqası 2013/2014 mövsümündən etibarən keçirilir.
Niyaz Hacıyev
Sfera.az