“Apple” şirkəti masaüstü əməliyyat sistemi strategiyasında mühüm dəyişiklik edir.


 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin planlarına əsasən, çoxdan gözlənilən “macOS 27” yeniləməsi ilə “Intel” əsaslı “Mac” modellərinə proqram təminatı dəstəyi tamamilə dayandırılacaq.


 


Məlumata görə, ötən il keçirilən “WWDC 2025” tədbirində açıqlanan detallara əsasən, hazırkı “macOS 26 Tahoe” versiyası "Intel" prosessorlu “Mac”lar üçün son böyük yeniləmə kimi təqdim olunmuşdu. Bununla da “Apple” uzun illər istifadə etdiyi “Intel” arxitekturasından tamamilə uzaqlaşmağa hazırlaşır.


 


Yeni “macOS 27” əməliyyat sistemi “Apple” ekosistemində yeni mərhələnin başlanğıcı hesab olunur. Yeniləmə yalnız şirkətin öz istehsalı olan “Apple Silicon” çipləri ilə işləyən cihazları dəstəkləyəcək. Gözləntilərə görə, M1 və daha yeni çiplərlə təchiz olunmuş bütün “Mac” modelləri bu yeniləməni əldə edəcək.


 


“Apple”ın planına əsasən, “macOS 27”nin beta versiyası iyun ayında tərtibatçılar üçün təqdim ediləcək, yekun versiya isə sentyabrda istifadəçilərə çatdırılacaq. Həmçinin, yeni sistemin “A18 Pro” çipi ilə təchiz olunacağı gözlənilən “MacBook Neo” modeli ilə uyğunlaşdırılacağı bildirilir.


 


Fidan Hacızadə

Sfera.az