ABŞ Prezidenti Donald Tramp bildirib ki, iki tərəf arasında atəşkəs yeni bir razılaşma əldə edilmədən başa çatarsa, İrana qarşı hərbi əməliyyatların bərpasına əmr verməyə hazırdır.
Onun bu açıqlaması Vaşinqtonla Tehran arasında onsuz da gərgin olan münasibətlərin daha da kəskinləşə biləcəyi ehtimallarını gündəmə gətirib və beynəlxalq ictimaiyyətdə narahatlıq doğurub.
Maraqlıdır, Donald Trampın bu açıqlaması fonunda, növbəti mərhələdə ABŞ-İran münasibətlərində bizi hansı ssenarilər gözləyir?
Politoloq Abutalıb Səmədov Sfera.az-a açıqlamasında bildirib ki, İran danışıqlarda iştirak etməyəcəyini deyir. Onun sözlərinə görə, İran buna müxtəlif səbəblər gətirir:
“Gah ABŞ-nin atəşkəsi pozması, gah reallıqdan uzaq tələblər irəli sürməsi, gah tələblərini tez-tez dəyişməsi ilə səbəbləndirir. Bir şey aydındır ki, ortaya qoyulan şərtlər çərçivəsində danışıqlar aparmaq, İran nümayəndələri Pakistana gəlsələr belə, qeyri-mümkün olacaq. Burada ortaq məxrəcə gəlmək demək olar ki, mümkünsüzdür. Çünki, hər iki tərəf maksimalist tələblər ilə çıxış edir. Bunu hər iki tərəf yaxşı başa düşməlidir ki, bu cür danışıqların, bu cür tələblərin müsbət nəticəsi ola bilməz”.
Politoloq xatırladıb ki, Trampın sözlərinə görə, əgər danışıqlar nəticəsiz olsa, hücumlar bərpa ediləcək. Müsahibimizin fikrincə, bunun başqa yolu yoxdur:
“İrana yeni zərbələr endirilməlidir. Tərəflərdən hansısa bu müharibənin ona daha çox ziyan verdiyini anlayıb geri çəkilməlidir. Təbii ki, ən çox ziyan görən İrandır. Ancaq İran şəhərləri dağılsa da, insanlar ölsə də, İran özünü qalib elan etməyə davam edir. ABŞ zərbələrin sayını və gücünü artırmalıdır. Dediyi kimi elektrik stansiyalarını, körpüləri və İran üçün əhəmiyyətli sayılan başqa obyektləri sıradan çıxartmalıdır ki, danışıqlarda güzəştə getməyə məcbur edə bilsin. Əks halda, ABŞ özünün başlatdığı əməliyyatı başa çatdıra bilmədiyini, planlaşdırdığı nəticələrə nail ola bilmədiyini elan edib məğlubiyyəti boynuna almalıdır. İranın şərtlərinin bir hissəsini ya qəbul etməlidir, ya da növbəti zərbələrə hazırlaşmalıdır. Yaxın günlərdə hadisələrin sülh istiqamətində davam etmək və hər hansısa bir nəticəyə gəlmək ehtimalı yoxdur”.
Niyaz Hacıyev
Sfera.az