Pəhriz zamanı meyvələrin düzgün seçilməsi həm sağlam çəki itirilməsində, həm də ümumi sağlamlığın qorunmasında mühüm rol oynayır.
Sfera.az xəbər verir ki, diyetoloq və qidalanma mütəxəssislərinin fikrincə, meyvələr gündəlik qidalanmada mütləq yer almalı, lakin onların miqdarı və növü diqqətlə seçilməlidir.
Mütəxəssislər xüsusilə alma, armud və giləmeyvələri (çiyələk, moruq, böyürtkən, qaragilə) pəhriz üçün ən uyğun meyvələr hesab edirlər. Onların fikrincə, bu meyvələr yüksək lif tərkibinə görə uzun müddət toxluq hissi yaradır və qanda şəkərin stabil qalmasına kömək edir.
Diyetoloqlar bildirirlər ki, giləmeyvələr eyni zamanda güclü antioksidant mənbəyidir və orqanizmdə maddələr mübadiləsini sürətləndirir. Qreypfrut da mütəxəssislər tərəfindən tez-tez tövsiyə olunur. Çünki bəzi araşdırmalara görə, iştahanın azalmasına və yağ metabolizminin aktivləşməsinə dəstək ola bilər.
Kivi və sitrus meyvələri isə C vitamini ilə zəngin olduğu üçün immun sistemini gücləndirir və həzmi yaxşılaşdırır. Ekspertlərin xəbərdarlığına görə, banan, üzüm və manqo kimi meyvələr yüksək təbii şəkər ehtiva etdiyi üçün pəhrizdə çox miqdarda qəbul edilməməlidir.
Onlar qeyd edirlər ki, meyvələr şirə şəklində deyil, bütöv halda yeyildikdə daha çox lif və faydalı maddə saxlayır. Ümumilikdə qidalanma mütəxəssisləri gündə 2-4 porsiya meyvənin kifayət etdiyini bildirir və balanslı yanaşmanın pəhrizin uğurlu nəticəsi üçün əsas şərt olduğunu vurğulayırlar.
Mənsumə
Sfera.az