Serialları təkrar-təkrar izləmək bir çox insan üçün adi vərdişdir. İlk baxışda bu sadəcə nostalji kimi görünə bilər. Lakin son araşdırmalar göstərir ki, bu davranışın arxasında daha dərin psixoloji səbəblər dayanır.




Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə, insanlar yeni məzmun axtarmaqdansa, əvvəllər izlədikləri seriallara qayıtmaqla özlərini daha rahat hiss edirlər.


 


Eyni süjet, tanış personajlar və yadda qalan dialoqlar izləyiciyə əvvəlcədən məlum olan bir “emosional mühit” yaradır.




Alimlər bildirirlər ki, insan beyni qeyri-müəyyənliyi sevmir. Təkrar izlənilən seriallar isə sürprizsiz və proqnozlaşdırıla bilən bir təcrübə təqdim edir. İzləyici hadisələrin necə inkişaf edəcəyini bildiyi üçün bu proses ona psixoloji rahatlıq və təhlükəsizlik hissi verir. Xüsusilə stressli dövrlərdə bu cür seçimlər daha da aktuallaşır.




Araşdırmalar göstərir ki, sevimli seriallar izləyicidə personajlarla emosional bağ yaradır. İnsanlar bu obrazlara sanki real həyatda tanıdıqları şəxslər kimi yanaşır. Təkrar izləmə isə bu “tanışlıq hissini” yenidən yaşamağa imkan verir. Bu da tənhalıq hissinin azalmasına və sosial ehtiyacların qismən ödənilməsinə kömək edir.




Qeyd olunur ki, bu tendensiya xüsusilə pandemiyadan sonra daha geniş yayılıb. İnsanlar daha çox evdə vaxt keçirdikləri üçün tanış və rahat kontentə üstünlük veriblər.




Mütəxəssislər hesab edir ki, serialları təkrar izləmək zərərli vərdiş deyil. Əksinə, bu, emosional tənzimləmə baxımından faydalı ola bilər. Bununla belə, psixoloqlar xəbərdarlıq edirlər ki, bu vərdiş yeni təcrübələrdən tam imtinaya çevrilməməlidir.




Onların fikrincə, ən sağlam yanaşma balansı qorumaqdır: həm yeni məzmunlara şans vermək, həm də sevilən seriallara zaman-zaman qayıtmaq.


 


Mənsumə

Sfera.az