Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi son qətnamədə ciddi hüquqi ziddiyyətlər mövcuddur.
Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Erkin Qədirli deyib. Millət vəkili bildirib ki, Azərbaycana qarşı qərəzli münasibət istifadə olunan terminologiya və hüquqi anlayışların qarışdırılmasında açıq şəkildə özünü göstərir.
Deputat qeyd edib ki, Azərbaycanda saxlanılan erməni əsilli şəxslərlə bağlı müxtəlif sənədlərdə bir-birinə zidd hüquqi anlayışlardan istifadə olunur:
"Məsələn, barələrində qanuni qüvvəyə minmiş hökm olmasa da, həmin separatçı və terrorçu erməniləri gah “siyasi məhbus”, gah “müharibə əsiri”, bəzən isə “girov” adlandırırlar. Hətta elə qətnamələr var ki, bir paraqrafda “müharibə əsiri”, digər paraqrafda isə “girov” ifadəsi işlədilir. Halbuki bunların hər biri fərqli hüquqi anlayışlardır və hazırda həbs-qətimkan tədbiri çərçivəsində saxlanılan həmin şəxslərə aid edilə bilməz. Onlar konkret olaraq müharibə cinayətləri törətməkdə ittiham olunurlar”, – deputat vurğulayıb.
Erkin Qədirli çıxışında mədəni mülkiyyət məsələsinə də toxunaraq beynəlxalq hüququn bu sahədəki normalarını xatırladıb. O bildirib ki, 1954-cü il Haaqa Konvensiyasında əsas prinsip mədəni obyektlərin etnik və ya dini mənsubiyyəti deyil, yerləşdiyi əraziyə əsaslanır:
"Konvensiyada “cultural property”, yəni “mədəni mülkiyyət” anlayışı var və burada əsas meyar ərazidir. Etnik və ya dini mənsubiyyət əsas götürülmür. Azərbaycan ərazisində yerləşən və dövlət tərəfindən qorunan bütün mədəni obyektlər Azərbaycanın mədəni mülkiyyətidir. Məsələn, Bakıdakı erməni kilsəsi erməni xalqının deyil, Azərbaycanın mədəni mülkiyyətidir. Haaqa Konvensiyasının mahiyyəti də məhz bundan ibarətdir”, – o qeyd edib.
Çıxışın sonunda Milli Məclisin sədri Sahibə Qafarova bu arqumentlərin beynəlxalq platformalarda da səsləndirilməsinin vacibliyini vurğulayıb. O, Erkin Qədirliyə müraciətlə bildirib ki, Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsində iştirak edəcəyi görüşlərdə bu hüquqi məqamların qarşı tərəfin diqqətinə çatdırılması mühüm əhəmiyyət daşıyır:
"Siz yaxın günlərdə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətinin rəhbəri kimi səfərə gedəcəksiniz. Hesab edirəm ki, həm müxalif partiyanın təmsilçisi, həm hüquqşünas, həm də millət vəkili olaraq burada səsləndirdiyiniz fikirləri orada da çatdırmalısınız. Çünki qarşı tərəf bunları bilməlidir”,– Sahibə Qafarova vurğulayıb.
Firuzə Əliyeva
Sfera.az