Son 3 ildə Azərbaycanda internat müəssisələrində təlim-tərbiyə alan valideynlərini itirən və valideyn himayəsindən məhrum olan uşaqların sayı artır.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən bildirib ki, 2025-ci ildə bu kateqoriyadan olan uşaqların ümumi sayı 1484 nəfər təşkil edib.
Bu göstərici 2024-cü ildə 1459 nəfər, 2023-cü ildə 1363 nəfər, 2022-ci ildə 737 nəfər olub.
2022-2025-ci illər ərzində bu müəssisələrdə təlim-tərbiyə alan uşaqların sayı 747 nəfər və ya 2 dəfədən çox artıb.
2025-ci ilin məlumatına nəzər saldıqda məlum olur ki, həmin uşaqlardan 847-si körpələr və uşaq evlərində, 406-sı ümumi təyinatlı və inteqrasiya təlimli internat tipli ümumi təhsil müəssisələrində, 170-i 18 yaşınadək əlilliyi müəyyən edilən şəxslər üçün sosial xidmət müəssisələrində, 61-i sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli xüsusi ümumtəhsil məktəblərində təhsil alıb.
Qeyd edək ki, 2003-cü ildən sonra internat müəssisələrində təhsil və tərbiyə alan uşaqların sayında azalma dinamikası müşahidə edilirdi. Belə ki, 2003-cü ildə 3456 uşaq belə müəssisədə yerləşdirilmişdirsə, onların sayı 2007-ci ildə 1431 nəfərə, 2016-cı ildə 602 nəfərə qədər azalmışdı.
Bəsti Rəfizadə
Sfera.az