ABŞ Prezidenti Donald Tramp İranla bağlı atəşkəsin uzadılmasının “çox az ehtimal” olduğunu bildirib.
Sfera.az “The Telegraph” nəşrinə istinadən xəbər verir ki, o, çərşənbə axşamına qədər razılaşma əldə olunmayacağı təqdirdə bombardmanın davam edəcəyi ilə hədələyib.
Eyni zamanda, ABŞ-nin Vitse-prezidenti Cey Di Vens sülh danışıqlarının ikinci mərhələsinə rəhbərlik etmək üçün İslamabad şəhərinə getməyə hazırlaşdığını açıqlayıb. O, “pis bir razılaşma bağlamağa tələsməyəcəklərini” vurğulayıb.
İranın iki həftəlik atəşkəs müddətinin başa çatmasına az qalmış danışıqlarda iştirak edib-etməyəcəyini açıqlamaması birbaşa təmasların taleyini sual altına salıb. Tehran Vaşinqtona etimadsız yanaşır və ABŞ-nin diplomatik bəyanatlarının arxasında mümkün hərbi addımların gizləndiyini düşünür.
İran parlamentinin sədri Məhəmməd-Baqer Qalibaf bildirib ki, Tehran təhdid altında danışıqları qəbul etmir və münaqişə yenidən alovlanarsa “yeni kartlar” təqdim etməyə hazırdır.
Donald Trampın Vansin artıq yolda olması ilə bağlı açıqlamaları təsdiqini tapmayıb. Məlumata görə, vitse-prezident həmin vaxt Vaşinqton şəhərində olub və sammitə qatılmayıb.
ABŞ-nin sülh təşəbbüslərində iştirak edən nümayəndələri Stiv Uitkoff və Cared Kuşner də danışıqlar prosesinə cəlb olunub.
Tramp bildirib ki, İranla razılaşma əldə olunana qədər ABŞ-nin tətbiq etdiyi dəniz blokadası qüvvədə qalacaq. ABŞ bazar günü blokadanı yarmağa çalışan İrana məxsus “Touska” yük gəmisini ələ keçirib. Bu, münaqişə dövründə ABŞ-nin ticarət gəmisinə qarşı ilk birbaşa müdaxiləsi kimi qiymətləndirilir.
İran tərəfi isə cavab tədbirləri görəcəyini açıqlayıb və ABŞ-nin addımlarını danışıqlardan əvvəl “səmimiyyətsizlik əlaməti” adlandırıb.
Fidan Hacızadə
Sfera.az