Dünyanın aparıcı enerji şirkətləri Yaxın Şərqdə artan risklər fonunda investisiya istiqamətlərini dəyişir. 




“The Wall Street Journal” yazır ki, “Chevron” və “Exxon Mobil” kimi şirkətlər İran ətrafındakı gərginlik və Hörmüz boğazında yaranan problemlər səbəbindən Afrika və Amerika regionlarına yönəlir.




Məlumata görə, “Exxon Mobil” Nigeriya sahillərində dərin su layihələrinə 24 milyard dollara qədər investisiya yatırmağı planlaşdırır. “Chevron” isə Venesuelada fəaliyyətini genişləndirərək bu il 7 milyard dollar ayırıb.




“BP” Namibiya sahillərində pay alıb, “TotalEnergies” isə Türkiyə ilə kəşfiyyat razılaşması əldə edib. Eyni zamanda, iri şirkətlər Aralıq dənizi regionuna da maraq göstərir.


 


Bu dəyişiklik dünyada neft və qaz bazarlarında gələcəkdə hansı dəyişikliklər yarada bilər?


 


Bununla bağlı Sfera.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu istiqamət qlobal enerji bazarında bir neçə əhəmiyyətli dəyişikliyə zəmin yaradır:


 



“Birincisi, təklif coğrafiyasının dəyişməsi baxımından Afrika və Amerika regionlarında yeni böyük layihələrin reallaşması neftin qlobal təklifini artıracaq. Nigeriya dərin su layihələri və Venesuela genişlənməsi uğurla həyata keçirilərsə, bu, Yaxın Şərq neftinin bazar payını azaldaraq qiymətlər üzərində aşağı təzyiq yarada bilər. İkincisi, Yaxın Şərqin strateji mövqeyinə gəlincə, aparıcı şirkətlər regiondan uzaqlaşdıqca OPEC+ ölkələrinin qiymət üzərindəki nəzarəti zəifləyə bilər. Eyni zamanda, Yaxın Şərqdəki dövlət şirkətləri boşluğu doldurmağa çalışacaq, lakin texnologiya və kapital çatışmazlığı ilə üzləşə bilərlər. Üçüncüsü, enerji təhlükəsizliyi kontekstində Avropa və Asiya ölkələri üçün bu dəyişiklik müsbət xəbərdir, çünki Hörmüz boğazından keçməyən alternativ təchizat yolları güclənir. Bu, qiymət şoklarına qarşı dözümlülüyü artırır. Dördüncüsü, Azərbaycan üçün isə mənzərə ikili təsirə malikdir. Bir tərəfdən, Afrika və Amerika istehsalının artması qlobal neft qiymətinə aşağı təzyiq göstərə bilər ki, bu da Azərbaycanın ixrac gəlirlərini azalda bilər".


 


İqtisadçı digər tərəfdən Aralıq dənizi regionuna artan marağın və Türkiyə ilə bağlanan razılaşmaların Azərbaycanın Cənub Qaz Dəhlizi üzərindəki strateji mövqeyini daha da dəyərli etdiyini əlavə edib: 




“Çünki Avropa alternativ mənbələrə olan marağını artırmaqda davam edir. Uzunmüddətli perspektivdə isə bu coğrafi diversifikasiya tendensiyası qlobal enerji bazarını Yaxın Şərqə olan struktural asılılıqdan tədricən uzaqlaşdıracaq. Bu da həm qiymət sabitliyinə, həm də geosiyasi gərginliklərin enerji bazarlarına təsirinin azalmasına səbəb olacaq”.


 


Fidan Hacızadə

Sfera.az