Rusiya Ukrayna münaqişəsində atəşkəsi təmin etmək mümkün olmur. Rəsmi Moskva daimi atəşkəs üçün Ukrayna əsgərlərinin Luqansk və Donetsk vilayətlərindən çıxarılmasını istəyir. Ukrayna isə bunu heç bir halda qəbul etmir. 




Rusiyanın bütün cəhdlərinə baxmayaraq həmin əraziləri hərbi yolla nəzarətə götürmək də mümkün olmur. Bu səbəbdən tərəfləri bir araya gətirib münaqişəni dayandırmaq olmur. 


 


Belə olan halda atəşkəs üçün başqa hansı addımlar atılmalıdır? 


 


Siyas şərhçi Elnur Ənvəroğlu Sfera.az-a açıqlamasında bildirib ki, hazırki durumda tərəflərin maksimalist mövqeləri dəyişmədikcə yaxın müddətdə tam və daimi atəşkəs əldə etmək çox çətindir:


 


“Rusiya Luqansk və Donetsk üzərində legitimliyini istəyir, Ukrayna isə ərazi güzəştini dövlət suverenliyinə zidd hesab edir. Bu iki xətt bir-birinə heç bir halda uyğun gəlmir. Ona görə də hazırkı mərhələdə konkret sülhdən çox, idarə olunan dondurma modeli daha real görünür. Ümumiyyətlə Ukrayna-Rusiya müharibəsi artıq uzun illərdir davam edir və bu müəyyən zaman ərzində tam olaraq həll edilmədən dayandırılıb. Sonradan isə, yəni 2022-ci ildən başlayaraq yenidən Rusiyanın genişmiqyaslı hücumları ilə başladılıb”.


 



 


E.Ənvəroğlu əlavə edib ki, münaqişənin qismən həlli ilə bağlı alternativ yollar axtarırıqsa burada yekun razılaşma əvəzinə mərhələli yanaşma mümkün ola bilər:


 


“Məsələn cəbhənin müəyyən hissələrində lokal atəşkəs əldə olunarsa, enerji infrastrukturlarına zərbələr dayandırılarsa, ya da Qara dənizdə təhlükəsizlik mexanizmi yaradılarsa burada qismən münaqişənin səngiməsindən söz açmağa dəyər. 

Burada digər bir problem bundadır ki, tərəflər bir-birinə etimad göstərmir. Xüsusilə Ukrayna Rusiya əldə olunan hansısa atəşkəs sənədinə güvənmir. Ortada Türkiyə, Avropa və ya BMT kimi subyektlərin üçüncü tərəf olaraq iştirakı olmadan uzunmüddətli atəşkəs əldə etmək etibarlı nəticə verməyəcək. Ümumiyyətlə Donetsk və Luqansk məsələsi həll olunmadan tam sülh çətindir. Amma tam razılaşma olmadan da atəşkəs mümkündür. Bunun üçün ərazi statusu müvəqqəti kənara qoyulmalı, təhlükəsizlik və humanitar məsələlər önə çəkilməlidir. Əks halda müharibə daha bir neçə il davam edə bilər”.


 


Fidan Hacızadə

Sfera.az