Qəfil və şiddətli baş ağrıları hər zaman təsadüfi olmur, bəzən səbəb gündəlik qidalanmada gizlənir. 




Sfera.az xəbər verir ki, mütəxəssislərin fikrincə, miqren sadəcə adi baş ağrısı deyil, insanın həyat keyfiyyətinə ciddi təsir edən nevroloji bir xəstəlikdir və burada pəhriz vərdişləri mühüm rol oynayır.




Uzun müddət saxlanılan və fermentləşdirilmiş qidalar, xüsusilə bəzi pendir növləri – parmesan, çedar və rokfor kimi məhsullar tiramin adlı maddə ehtiva edir. Bu maddə beyində damarların genişlənməsi və daralmasına təsir edərək miqren tutmalarını təsir edə bilər. Eyni təsir turşular, soya sousu və bəzi digər fermentləşdirilmiş məhsullarda da müşahidə oluna bilər.




Kofein də miqrenə ikili təsir göstərən maddələrdən biridir. Az miqdarda kofein bəzi hallarda baş ağrısını yüngülləşdirə bilsə də həddindən artıq qəhvə, enerji içkiləri və şokolad istehlakı əks təsir göstərərək miqren tutmalarını artıra bilər. Buna görə də kofeindən istifadə zamanı balans vacib sayılır.




Kolbasa, sosiska kimi emal olunmuş ət məhsullarında olan nitratlar və mononatrium qlutamatlar da (MSG) baş ağrılarını gücləndirə bilər. Bundan əlavə hazır şorbalar, çipsilər və qablaşdırılmış qəlyanaltılar da miqreni yaradan qidalar arasında göstərilir.




Alkoqollu içkilər, xüsusilə qırmızı şərab miqren tutmalarını ən çox yaradan faktorlar sırasında yer alır. Eyni zamanda, həddindən artıq şəkər istehlakı qan şəkərində kəskin dəyişikliklər yaradaraq baş ağrılarına səbəb ola bilər. Şəkərli içkilər və şirniyyatlar bu baxımdan daha riskli sayılır.




Mütəxəssislər qeyd edirlər ki, hər bir insanın miqren tətikləyiciləri fərqli ola bilər. Buna görə də, hansı qidaların baş ağrısını artırdığını müəyyən etmək üçün “miqren gündəliyi” aparmaq tövsiyə olunur. Qidalanmanın izlənməsi və balanslı pəhriz miqrenlə mübarizədə ən vacib addımlardan biridir. 


 


Mənsumə

Sfera.az