Türkiyənin tanınmış sənətçisi Fatih Ürekin vəfatından sonra onun var-dövləti və mirasının bölüşdürülməsi ilə bağlı yeni detallar məlum olub.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, sənətçinin geridə qoyduğu sərvət və hüquqi proseslər ictimaiyyətin diqqətini cəlb edir.
Məlumata görə, sənətçinin sərvəti kifayət qədər çoxdur. Bodrumun Yokuşbaşı bölgəsində yerləşən və təxminən 170 milyon TL dəyərində qiymətləndirilən 800 kvadratmetrlik malikanə, İstanbulun Ataşehir rayonunda 5 mənzil, bank hesablarında nağd vəsait, təxminən 6 milyon TL dəyərində avtomobil, həmçinin brilyant və digər zinət əşyaları onun əmlakları sırasındadır.
İddialara əsasən, Fatih Ürekin bir kafe şəbəkəsində səhmləri də olub. Lakin sənətçinin ölümündən əvvəl bu səhmləri fərqli investisiya istiqamətlərinə yönəltdiyi bildirilir.
Bildirilir ki, hüquqi prosedurlar tamamlandıqdan sonra miras sənətçinin bacı-qardaşları Selvi Ürek və Nurgül Fırat arasında bölüşdürülüb.
Qeyd edək ki, Fatih Ürek sağlığında ən böyük arzularından birinin öz adına məktəb tikdirmək olduğunu açıqlamışdı. O, vəsiyyətnaməsini tez-tez yenilədiyini və gələcəkdə bir vəqf yaradaraq təhsilə dəstək vermək istədiyini də bildirmişdi.
Xatırladaq ki, 59 yaşlı sənətçi 15 oktyabr 2025-ci ildə keçirdiyi infarktdan sonra xəstəxanaya yerləşdirilmiş, bir müddət ürəyi dayanmasına baxmayaraq həkimlərin müdaxiləsi ilə həyata qaytarılmışdı. Təxminən üç ay reanimasiya şəraitində müalicə alan Ürek 30 yanvar tarixində vəfat edib.
Fidan Hacızadə
Sfera.az